2014-cü il futbol üzrə dünya çempionatının bombardiri Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub.
APA xəbər verir ki, bu barədə 35 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat verib.
“Hər oyuna, hər sevincə, hər göz yaşına və birlikdə yaşadığımız hər xoşbəxtliyə görə təşəkkür edirəm. Kolumbiya millisinin rənglərini qorumaq həyatımın ən böyük şərəflərindən biri olub”, – Rodriges bildirib.
Hazırda Kolumbiyanın “Atletiko Nasional” klubunda çıxış edən futbolçu Avropada Madrid “Real”ı, “Rayo Valyekano”, “Everton”, “Bavariya”, “Monako” və “Portu” klublarının formasını geyinib.
Rodriges “Real”la iki dəfə İspaniya çempionu, iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub. “Bavariya” ilə iki dəfə Almaniya çempionluğunu qazanan futbolçu “Portu”nun heyətində üç dəfə Portuqaliya çempionu olub və UEFA Avropa Liqasının kubokunu qazanıb.
Xames Rodriges Kolumbiya millisində 131 oyun keçirib və bu göstəricidə qapıçı David Ospina ilə birlikdə rekordçudur. Yarımmüdafiəçi milli komandanın heyətində 31 qol vurub.
O, Kolumbiya millisi ilə 2024-cü ildə Amerika Kubokunun gümüş, 2016-cı ildə isə bürünc medalını qazanıb. Rodriges 2024-cü il Amerika Kubokunun ən yaxşı futbolçusu seçilib.