Qelebə.az / Azər Məmmədov: “Uduzsaydıq, məyus olmayacaqdım”

Azər Məmmədov: “Uduzsaydıq, məyus olmayacaqdım”

Bu gün, 20:33

Misli Premyer Liqasının V turunda "Kəpəz" "Qəbələ"ni məğlub edib - 1:0.

QELEBE.AZ xəbər verir ki, matçdan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədovun mətbuat konfransı keçirilib.

"Hər oyunda qələbə qazanacaq gücdə deyilik. Amma biz hər oyuna qələbə üçün çıxacağıq, qələbəni istəyəcəyik. Ötən turdakı 1:4 hesablı məğlubiyyətdən sonra özümü və komandamızı çox analiz etdim. Düşündüm ki, komandamız hələlik hər oyunda bir nömrə və qələbə üçün oynamağa hazır deyil. Allah qoysa, gələcəkdə şəhərimizin azarkeşləri güclü “Kəpəz” görəcəklər. Bəzi qeyri-səmimi olan azarkeşlərimiz var. Hansı ki, hər məğlubiyyətdən sonra “Kəpəz” haqda sözlər danışırlar, sosial şəbəkələrdə də belə edirlər. Burada oturan baş məşqçiyə, “Kəpəz” camiəsinə imkan verməsələr, komanda hər zaman belə olacaq. İstədikləri hegemon, əvvəlki “Kəpəz”i görmək çətin olacaq. Burada işləyən hər məşqçiyə zaman vermək lazımdır ki, mərhələ-mərhələ “Kəpəz”i əvvəlki durumuna gətirsin. İstər mən olum, istərsə də başqası. Biz “Qəbələ”ni analiz edəndə çox dinamik komanda kimi görmüşdük. Çox yaxşı komandaya qarşı oynayırdıq. Analizimiz də düzgün oldu. Bəzi futbolçular var ki, onları zərərsizləşdirdik ki, oyunları alınmasın. Futbolçularımız möhtəşəm oynadılar. Ötən turdakı məğlubiyyətə görə çox məyus idim. Həm də oyuna görə. Bu gün uduzsaydıq da, məyus olmayacaqdım”.

- Sanki komanda oyunu yox idi. Daha güclü klublara qarşı necə oynayacaqsınız? Nə qədər vaxtdan sonra daha güclü “Kəpəz” görəcəyik?

- Mən sizdən bir az fərqli düşünürəm. Bu dəqiqə futbolda maliyyə önəmlidir. Etiraf edək ki, maliyyə yaxşı olanda daha bahalı futbolçu gətirirsən. Bizim müəyyən məbləğimiz var və bu məbləğə uyğun çox yaxşı komanda yığmışıq. O komandanın gücünə uyğun da futbol oynayırıq. “Şamaxı” ilə bir nömrə oynamaq istəyirdik. Ancaq komandamız hazırda həm gözəl, həm də bir nömrə oynamağa hələlik hazır deyil. Bizə zaman lazımdır. Çempionat yeni başlayıb. Azərbaycanda heç kimə söz verə bilmərəm ki, sabah necə olacaq.

- Bir məğlubiyyətdən sonra futbolçular eyforiyaya qapıldılar və daha sonra acı məğlubiyyət aldınız. İndi yenə qalib gəldiniz. Növbəti rəqibiniz “Sumqayıt”dır. Qorxu var ki, yenə eyni şey olar?

- Etiraf edim ki, bəli, var. Amma yaşadığımız hər gün bizim üçün təcrübədir. Həmin oyundan sonra analiz etdim ki, bəlkə burada belə etməməli idik. Bu qələbədən sonra daha da təcrübəli olmuşam. Ona görə də eyforiyaya nəinki mən, heç kim qapılmayacaq.

- Dioqo Verdaşkanın sıradan çıxması planlarınızı nə qədər alt-üst edib?

- Verdaşka altı həftəlik sıradan çıxıb. Arxa əzələsində yırtılma əmələ gəlib. David son oyununu altı ay əvvəl oynayıb, oyun praktikası yox idi. Amma bu gün çox yaxşı oynadı və heç bilinmirdi ki, oyun praktikası var, ya yox.

Geri qayıt