2026-cı ildə Azərbaycan Qran-prisi Bakıda 10-cu dəfə keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, geridə qalan 10 il ərzində Formula 1 yarışı paytaxtda təkcə idman tədbiri kimi deyil, həm də turizm, yerli biznes, insan kapitalı və Bakının beynəlxalq tanıtımı baxımından mühüm platformaya çevrilib.
2025-ci ildə Azərbaycan Qran-prisini izləmək üçün ölkəyə 14 mindən çox xarici qonaq səfər edib. Biletlər dünyanın 115 ölkəsində satılıb, yarış həftəsonu ərzində isə 90 mindən çox ziyarət qeydə alınıb.
2026-cı il üçün xarici qonaqlara satılan biletlərin sayı artıq ötən ilin göstəricisini keçib. 2024-cü ildə Qran-priyə bilet alanların 77 faizi xarici ölkələrdən olub. Həmin azarkeşlərin 93 faizi isə Bakıya səfərlərinin əsas səbəbinin Formula 1 olduğunu bildirib.
Qran-prinin hazırlanması prosesinə də çoxsaylı yerli mütəxəssislər cəlb olunur. Yarış infrastrukturunun qurulması və sökülməsində 1400-dən çox mühəndis, texniki mütəxəssis, montajçı və logistika əməkdaşı çalışır. Yarış həftəsində isə təşkilati işlərdə təxminən 1500 əməkdaş, 2000 könüllü və 1100 marşal iştirak edir.
Bakı Şəhər Halqasının Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev bildirib ki, yarışa hazırlıq müddəti 12 aydan təxminən 4 aya endirilib. 2025-ci ildə əsas yol məhdudiyyətləri yarış başa çatdıqdan 12 saat sonra aradan qaldırılıb.
Qran-pri həftəsində şəhərdə nəqliyyatın hərəkətini rahatlaşdırmaq üçün tranzit dəhlizləri də təşkil olunur. 2026-cı ildə belə dəhlizlərin sayı 6-ya çatdırılıb. Üzeyir Hacıbəyli küçəsində isə əlavə tranzit dəhlizinin yaradılması nəzərdə tutulub.
Yarışa marağın artması ilə tribunaların sayı da genişləndirilib. Son 3 ildə 4 yeni tribuna inşa olunub və tamaşaçı yerlərinin sayı 6 mindən çox artırılıb. Hazırda tribunaların ümumi tutumu 21 min nəfəri ötür.
Formula 1 Bakının beynəlxalq tanıtımına da ciddi təsir göstərir. Yarışın rəsmi sosial media hesablarının ümumi auditoriyası 115 milyondan çoxdur. 2025-ci ildə Azərbaycan Qran-prisini təxminən 300 yerli və xarici media nümayəndəsi işıqlandırıb.
Həmin il Qran-prinin ABŞ-də ESPN telekanalında canlı yayımını orta hesabla 1,1 milyon tamaşaçı izləyib. Bu, Bakı yarışı üçün ABŞ televiziyasında qeydə alınan ən yüksək auditoriya göstəricisidir.