Qelebə.az / Azərbaycan klubu adını dəyişib

Azərbaycan klubu adını dəyişib

Bu gün, 14:42

“Möminə Xatun” Voleybol Klubu fəaliyyətini “Naxçıvan” Voleybol Klubu adı altında davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Naxçıvanı təmsil edən komanda cari mövsümdən tarixində ilk dəfə qadınların Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq.

Klub rəhbərliyinin və təsisçinin ortaq qərarı, həmçinin Azərbaycan Voleybol Federasiyasının razılığı ilə ad dəyişikliyi həyata keçirilib. Qərarın əsas məqsədi Naxçıvanda qadın və kişi voleybolunun vahid klub bazasında birləşdirilməsi, idarəetmənin optimallaşdırılması və bölgənin vahid idman brendinin formalaşdırılmasıdır.

Qeyd olunub ki, klub Naxçıvanın simvollarından olan Möminə Xatun türbəsini və ənənəvi rənglərini yeni loqosunda qoruyub saxlayacaq. “Möminə Xatun” adı isə komandanın tarixində və yaddaşında qadın voleybolunun peşəkar mərhələyə keçidinin rəmzi kimi qalacaq.

“Naxçıvan” Voleybol Klubu yeni adla Yüksək Liqada Naxçıvanı layiqincə təmsil etmək və azarkeşlərini sevindirmək üçün mübarizə aparacaq.

Geri qayıt