27-29 avqust tarixlərində Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U17 dünya çempionatı və Dünya Seriyasının IV mərhələsi keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, hər iki yarış “Sea Breeze” istirahət mərkəzində təşkil olunacaq.
Avqustun 27-də keçiriləcək U17 dünya çempionatında 34 ölkədən 150-yə yaxın yeniyetmə güləşçi medallar uğrunda mübarizə aparacaq. Oğlanlar 60, 70, 80 və 90 kq, qızlar isə 45, 55, 65 və 75 kq çəki dərəcələrində çıxış edəcəklər.
Avqustun 28-29-da isə böyüklər arasında çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsi baş tutacaq. Bu yarışda 60-dan çox idmançı qüvvəsini sınayacaq. Kişilər 70, 80, 90 və 90+ kq, qadınlar isə 50, 60, 70 və 70+ kq çəki dərəcələrində mübarizə aparacaqlar.
Beləliklə, ümumilikdə 34 ölkədən 200-dən çox idmançı Xəzər dənizinin sahilində keçiriləcək yarışlarda qalib olmaq üçün mübarizə aparacaq.