Qelebə.az / Yanev: “Müdafiəyə çəkilməyəcəyik” – “Qarabağ”a qarşı planını açıqladı

Yanev: “Müdafiəyə çəkilməyəcəyik” – “Qarabağ”a qarşı planını açıqladı

Bu gün, 14:58

“Heç zaman yalnız müdafiəyə çəkilməyin tərəfdarı olmamışam. Bu dəfə də məqsədimiz dəyişməyəcək”.

Apasport.az xəbər verir ki, bunu Bolqarıstanın ÇSKA (Sofiya) klubunun baş məşqçisi Xristo Yanev UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı keçiriləcək cavab oyunu öncəsi təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis ilk matçdakı oyun planına sadiq qalacaqlarını bildirib:

“İlk qarşılaşmada tətbiq etməyə çalışdığımız oyun planını bu görüşdə də davam etdirmək niyyətindəyik. “Qarabağ” keyfiyyətli heyətə malikdir. Rəqibin oyun modelini ətraflı təhlil etmişik və buna uyğun taktiki həllərlə meydana çıxmağa hazırlaşırıq. Hədəfimiz böyük futbol arenasında uğur qazanmaq və Bolqarıstanı güclü rəqiblər qarşısında layiqincə təmsil etməkdir. Top bizdə olarkən futbolçular rəqibin müdafiəsində yaranan boşluqlardan maksimum yararlanmalıdırlar”.

Yanev komandada özünəinamın artdığını da vurğulayıb:

“Komandamızın daxilində özünəinamın tədricən yüksəldiyini hiss edirik. Bu, düzgün inkişaf yolunda olduğumuzun göstəricisidir. Bilirəm ki, Bolqarıstanda nəticələr qısa müddətdə tələb olunur. Ancaq davamlı inkişaf zaman və səbir istəyir. Məqsədlərimizə çatmaq üçün birlikdə əzmlə çalışırıq”.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz heç-heçə ilə başa çatıb. Cavab görüşü iyulun 30-da Sofiyada, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Geri qayıt