Qelebə.az / Rəqibini zədələyən futbolçuya qeyri-adi cəza: Sağalanadək oynamayacaq

Rəqibini zədələyən futbolçuya qeyri-adi cəza: Sağalanadək oynamayacaq

Bu gün, 08:12

Braziliyanın “İnternasional” klubunun müdafiəçisi Viktor Qabriel qeyri-adi cəzaya məruz qalıb.

Apasport.az "UOL Esporte"yə istinadən xəbər verir ki, Braziliya Ali İdman Ədalət Məhkəməsinin İntizam Komissiyası 22 yaşlı futbolçunu “Kruzeyro”nun hücumçusu Qabriel Pek məşqlərə qayıdanadək futboldan diskvalifikasiya edib.

Hadisə Braziliya A Seriyasının XIX turunda keçirilən “İnternasional” – “Kruzeyro” matçında baş verib.

Belə ki, “Kruzeyro”nun 2:1 hesabı ilə qalib gəldiyi görüşün 58-ci dəqiqəsində Viktor Qabriel rəqibinə qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə alıb.

Müayinədən sonra Qabriel Pekin sol ayağının baldır sümüyündə sınıq aşkarlanıb və futbolçu əməliyyat olunub.

Onun bərpa müddətinin üç-dörd ay çəkəcəyi gözlənilir.

İntizam Komissiyasının qərarına əsasən, Viktor Qabriel yalnız zədələdiyi Qabriel Pek komanda ilə məşqlərə qayıtdıqdan sonra rəsmi oyunlarda iştirak edə biləcək.

Geri qayıt