Qelebə.az / FHN-in əməkdaşları qol güləşi və atıcılıq yarışlarında uğur qazanıblar

FHN-in əməkdaşları qol güləşi və atıcılıq yarışlarında uğur qazanıblar

Bu gün, 16:25

“Sərhədçi” İdman Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının təşkilatçılığı ilə qol güləşi üzrə U15, U18, U21, qadınlar, senior və masterlər arasında ölkə kuboku keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, yarışda ölkənin müxtəlif şəhər və rayonlarından, klub və idman cəmiyyətlərindən 200-dən çox idmançı iştirak edərək müxtəlif çəki dərəcələrində sağ və sol qol üzrə öz qüvvələrini sınayıblar.

Turnirdə iştirak edən FHN-in qol güləşi üzrə kişilərdən ibarət komandasının üzvləri yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, senior kateqoriyasında +105kq çəki dərəcəsində Sumqayıt Regional Mərkəzinn əməkdaşı mayor Rəşad Hacıyev sağ və sol qol üzrə bürünc medal, master kateqoriyasında sağ qol üzrə bürünc və sol qol üzrə isə qızıl medalın sahibi olub. Bundan əlavə, 105kq çəki dərəcəsində senior kateqoriyasında Mülki müdafiə qoşunlarının əməkdaşı çavuş Röyal Orucov sol qol üzrə bürünc, 86kq çəkidə senior kateqoriyasında Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı çavuş Sənan Şükürov sol qol üzrə bürünc, 78kq çəki dərəcəsində U21 kateqoriyasında FHN-in Akademiyasının kursantı Murad Balayev isə sağ qol üzrə və sol qol üzrə gümüş medalların sahibi olublar.

Bununla yanaşı, iyulun 27-də Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığı üzrə yarış keçirilib.

Yarışda iştirak edən FHN-in atıcılıq üzrə komandasının üzvləri uğur qazanmağı bacarıblar. Belə ki, kişilər arasında İdman-sağlamlıq klubunun əməkdaşı mayor Tural Həsənli və qadınlar arasında Nazirliyin Aparatının əməkdaşı Mələkxanım Məmmədova gümüş medalın sahibi olublar. Komandanın digər üzvü qadınlar arasında İdman-sağlamlıq klubunun əməkdaşı Aynur Məmmədova isə bürünc medala yiyələnməyi bacarıb.

Qaliblərə Gənclər və İdman Nazirliyin təsis etdiyi diplom və medallar təqdim edilib.

28 iyul tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev atıcılıq yarışında yüksək nəticələr göstərmiş əməkdaşlarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Geri qayıt