Qelebə.az / Ukrayna Futbol Assosiasiyasının sabiq prezidenti saxlanılıb

Ukrayna Futbol Assosiasiyasının sabiq prezidenti saxlanılıb

Bu gün, 19:46

Ukrayna Futbol Assosiasiyasının (UAF) sabiq prezidenti Andrey Pavelko Slovakiyada saxlanılıb.

Apasport.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Qurum saxlanılan şəxsin adını açıqlamasa da, yerli mətbuat söhbətin məhz Pavelkodan getdiyini bildirir.

Məlumata görə, uzun müddət Ukrayna hüquq-mühafizə orqanlarından yayındığı bildirilən sabiq UAF rəhbəri beynəlxalq axtarış və Slovakiya polisi ilə əməkdaşlıq nəticəsində tutulub.

İstintaqın versiyasına əsasən, Pavelko nəzarətində olan kommersiya qurumları vasitəsilə assosiasiyanın təxminən 295 milyon qrivna vəsaitinin mənimsənilməsi sxemini təşkil edib.

Bunun üçün dəniz məhsulları, bahalı çay və qəhvə növləri, eləcə də elektrik avadanlıqlarının tədarükünə dair saxta müqavilələrin bağlandığı iddia olunur.

İstintaq həmin məhsulların yalnız sənədlər üzərində mövcud olduğunu bildirir.

Baş Prokurorluğun açıqlamasında qeyd edilib ki, bu əməliyyatlar nəticəsində Ukrayna Futbol Assosiasiyasına və onun regional bölmələrinə külli miqdarda maddi ziyan dəyib.

Ukrayna tərəfi artıq Pavelkonun ekstradisiyası proseduruna başlayıb. Slovakiyanın aidiyyəti qurumlarına onun Ukraynaya təhvil verilməsi və barəsində müvəqqəti həbs qərarının çıxarılması ilə bağlı rəsmi müraciət göndərilib.

Qeyd edək ki, Andrey Pavelko 2023-cü ildə UAF-dakı maliyyə pozuntuları ilə bağlı həbs olunmuşdu.

2025-ci ildə isə onun assosiasiyaya 9 milyon 329 min avro ziyan vurulması ilə bağlı başqa bir cinayət işində də adının hallandığı açıqlanmışdı.

Geri qayıt