Qelebə.az / Karen Vardanyan: “Neftçi”ni heç bir halda kiçiltməyəcəyik” - MÜSAHİBƏ

Karen Vardanyan: “Neftçi”ni heç bir halda kiçiltməyəcəyik” - MÜSAHİBƏ

Dünən, 22:28

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə “Neftçi”ni 4:2 hesabı ilə məğlub edən Belarusun “Dinamo” (Minsk) klubunun futbolçusu Karen Vardanyan matçdan sonra QELEBE.AZ saytının suallarını cavablandırıb.

– Komandanız iki top geriyə düşsə də, sınmadı. Belə bir başlanğıcı gözləyirdiniz?
– Əlbəttə ki, yox. Oyuna istədiyimiz kimi başlaya bilmədik. Amma şükürlər olsun ki, matçın gedişatını dəyişə bildik və hər şey yaxşı alındı.

– Cavab oyunundan nə gözləyirsiniz? Qarşılaşma neytral meydanda keçiriləcək.
– Bu, hələ tərəflərin ilk oyunudur. Nə baş verəcəyini əvvəlcədən heç kim deyə bilməz. Biz əlimizdən gələni edəcəyik, sona qədər mübarizə aparacağıq və növbəti mərhələyə yüksələcəyimizə ümid edirik.

– “Neftçi”nin də cavab matçında nəsə edə biləcəyini düşünürsünüz?
– Bəli, onlar yaxşı komandadır. Heyətlərində keyfiyyətli futbolçular var. Heç bir halda rəqibi kiçiltməyəcəyik. Yüz faiz gücümüzlə mübarizə aparacaq və növbəti mərhələyə yüksəlmək üçün hər şeyi edəcəyik.

– Bu oyunu Avrokuboklardakı ən yaxşı matçınız hesab etmək olar?
– Bəli, demək olar. Bakı bu baxımdan mənim yaddaşımda qalacaq.

– Bakıda qol vurmaq sizin üçün prinsip məsələsi idi?
– Xeyr. Bakı ilə bağlı xüsusi prinsipiallığım olmayıb. Sadəcə, bu, Konfrans Liqasında çox vacib oyun idi. Rəqibin kim olması və oyunun harada keçirilməsi mənim üçün fərq etmirdi.

– Fasilədə baş məşqçi komandaya nə dedi ki, ikinci hissədə tam fərqli oyun sərgilədiniz?
– Bu sualı məşqçiyə vermək lazımdır. Mən bu barədə danışmaq istəmirəm.

– Cavab görüşündə də qol vuracağınıza inanırsınız?
– Ümid edirəm ki, bəli. Buna zəmanət verə bilmərəm. Amma bunun üçün əlimdən gələni edəcək, maksimum çalışacağam.

Qeyd edək ki, Karen Vardanyan oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt