Qelebə.az / Dursun Özbek İkardi sualına əsəbiləşdi: “Buna heç kimin haqqı çatmır”

Dursun Özbek İkardi sualına əsəbiləşdi: “Buna heç kimin haqqı çatmır”

Bu gün, 12:38

“Qalatasaray”ın prezidenti Dursun Özbek komandanın gündəmi ilə bağlı bir sıra açıqlamalar verib.

Apasport.az xəbər verir ki, klub rəhbəri Mauro İkardinin gələcəyi, komandanın Avropa hədəfləri və son mövsüm barədə danışıb.

Özbek ilk olaraq “Qalatasaray”da əsas hədəfin hər zaman çempionluq olduğunu bildirib:

“Biz komandanı təhvil alanda bir əvvəlki mövsümü 13-cü pillədə başa vurmuşduq. “Qalatasaray”da hər zaman əsas olan şey çempionluqdur. Xüsusilə futbolda başqa hədəfimiz ola bilməz. Biz də bu iddia ilə kluba gəlmişdik. Heyətdə lazımi dəyişiklikləri etdik və son 4 ilin hekayəsi belə başladı”.

O, Çempionlar Liqası ilə bağlı da iddialı danışıb:

“Avropaya fokuslanacağıq. Oradakı uğuru davamlı hala gətirməyə çalışacağıq. Növbəti mövsüm ən azı son 8-lik və daha yüksək yerlər üçün mübarizə aparacağıq. “Qalatasaray”ın hədəfi Çempionlar Liqasını qazanmaqdır”.

Özbek ötən günlərdə “Qalatasaray”a ayrılıq siqnalı göndərən Mauro İkardi haqda da danışıb. Onun komandaya böyük xidmət göstərdiyini vurğulayıb:

“İkardi “Qalatasaray”a çox böyük xidmətlər göstərib. Çempionluqlarda payı var və bir nəsli “Qalatasaray”lı edib. Burada istədiyi sevgi və hörməti gördü. O da bunu bilir və “Qalatasaray”ı çox sevir”.

Klub prezidenti argentinalı hücumçu ilə görüşdüyünü də açıqlayıb:

“Onun özü və meneceri ilə görüşmüşəm. Təklifimi etmişəm. “Qalatasaray” rəqabətçi komandadır və heyət qurularkən diqqət etməli olduğumuz müəyyən meyarlar var. Futbolçunun göstərdiyi oyun, etik dəyərlər... Bunları düşünüb, texniki heyətin də fikrini aldıq və təklifimizi etdik. Onların qərarını gözləyirik”.

Özbək “İkardi əsas heyətdə oynama zəmanəti istəyir?” sualına isə sərt reaksiya verib:

“Belə bir şey ola bilməz! Bunu kim soruşur? Azarkeşlər, yoxsa siz? Bir komandada heç kim belə bir şey istəyə bilməz. Bu, idman düşüncəsinə ziddir. Heç kimin “Qalatasaray”dan bunu istəməyə haqqı yoxdur. Bütün klublarda da bu belədir”.

Geri qayıt