"Azərbaycana qayıdacağım üçün çox xoşbəxtəm”.
QELEBE.AZ xəbər verir ki, bu sözləri azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turniri ilə bağlı danışarkən deyib.
Mətbuat konfransına qoşulan idmançı döyüş barədə fikirlərini bölüşüb:
“Məşqlərimiz əla davam edir. Hazırda Taylanddayam. Çox maraqlı döyüş olacaq. Eyni komanda ilə hazırlaşıram və bu kollektivi dəyişmək fikrim yoxdur. Hər döyüşçü nokautdan danışa bilər, amma heç kim dəqiq deyə bilməz ki, bunun hansı raundda baş verəcəyini əvvəlcədən müəyyən etmək mümkün deyil. Bunun üçün əlimdən gələni edəcəyəm. Hər zaman zirvəyə yüksəlmək üçün çalışmışam. Qarşılaşmaq istədiyim xüsusi bir idmançı yoxdur. Rəqibimlə aramızdakı ən böyük fərq onun boy üstünlüyüdür. Düşünürəm ki, mənə çətinlik yarada biləcək əsas məqam da məhz budur".
Qeyd edək ki, “UFC Fight Night” iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Rafael Fizievin rəqibi meksikalı Torres olacaq.