Qelebə.az / Sahib Ələkbərov: Bakı–Xankəndi veloyarışında 24 komanda iştirak edəcək

Sahib Ələkbərov: Bakı–Xankəndi veloyarışında 24 komanda iştirak edəcək

Bu gün, 14:09

Bu gün Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışına həsr olunmuş mətbuat konfransı keçirilib.

Apasport xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov və yarışın texniki direktoru Roland Hofer iştirak ediblər.

Sahib Ələkbərov bildirib ki, bu yarışlar 2018-ci ilə qədər böyük uğurla təşkil olunub: “Çox vacib və məsuliyyətli bir iş üçün toplaşmışıq. Sabah Bakı–Xankəndi veloyarışına start verəcəyik. Sonrakı dövrdə COVID pandemiyası başladı və müəyyən səbəblərdən yarışlarımız dayandı. Bu il isə Azərbaycanda beynəlxalq velosiped yarışlarını bərpa etmək imkanı əldə etdik. Artıq Azərbaycan reallıqları dəyişib, torpaqlarımız işğaldan azad olunub. Buna görə də yarışın marşrutunu dəyişərək Bakıda başlayıb Xankəndidə başa çatdırmaq qərarına gəldik”.

Onun sözlərinə görə, beş mərhələdən ibarət olacaq yarışın ümumi marşrutu 850 kilometr təşkil edir və 21 şəhər və rayondan keçəcək: “Bu il At ili olduğuna görə yarışın simvolu olaraq atı seçmişik. Yarışda 24 komanda iştirak edəcək. ABŞ–İsrail və İran arasında münaqişə bu tədbirə də müəyyən təsir göstərdi. Maksimum 25 komandanın iştirakı planlaşdırılırdı, lakin son hadisələrlə əlaqədar bir sıra komandalar Azərbaycana gələ bilmədilər. Buna baxmayaraq, iştirakçılar arasında İtaliya, İspaniya, Niderland, Qazaxıstan, Çin, Portuqaliya, Polşa və Mərakeş kimi ölkələrin komandaları yer alır. Bu da yarışın geniş beynəlxalq coğrafiyasını göstərir”.

Bildirilib ki, yarışın bütün mərhələləri Eurosport və CBC Sport telekanalları vasitəsilə canlı yayımlanacaq. Günün sonunda isə əsas məqamlar bir saatlıq xüsusi proqramda tamaşaçılara təqdim olunacaq.

Yarışın ilk mərhələsi 10 may saat 09:20-də Sea Breeze-dən start götürəcək. Velosipedçilər Bakı kəndlərindən keçərək Koroğlu metro stansiyası, Babək prospekti, Ağ şəhər və Lökbatan dairəsi istiqamətində hərəkət edəcək, daha sonra Sumqayıta çataraq finiş xəttini keçəcəklər.

Qaliblərin mükafatlandırılmasından sonra ertəsi gün ikinci mərhələyə start veriləcək və bu mərhələ İsmayıllıda başa çatacaq. Sonrakı mərhələlər isə Qəbələ–Mingəçevir, Gəncə–Suqovuşan–Naftalan və nəhayət, Tərtər–Ağdam–Füzuli–Zəfər yolu–Xankəndi marşrutu üzrə keçiriləcək.

Təşkilatçılar qeyd ediblər ki, iştirakçıların sayının çoxluğu və yol şəraiti səbəbindən Şuşaya giriş mümkün olmayacaq. Bununla belə, velosipedçilər Xarıbülbül festivalında iştirak etmək imkanı əldə edəcəklər.

Sahib Ələkbərov vurğulayıb ki, yarış vasitəsilə Azərbaycanın böyük bir hissəsi xarici qonaqlara təqdim olunacaq:

“Belə bir tədbiri təşkil etmək asan deyil. Canlı yayımın təşkili, xüsusilə siqnalın marşrut boyunca fasiləsiz ötürülməsi böyük zəhmət tələb edir. Amma bütün lazımi işləri görməyə çalışmışıq. Yarışın təşkilində bizə dəstək olan bütün qurumlara təşəkkür edirəm”.

Geri qayıt