Qelebə.az / “Qarabağ” çempionluğu necə əldən verdi? - Titulsuz mövsümün 7 səbəbi

“Qarabağ” çempionluğu necə əldən verdi? - Titulsuz mövsümün 7 səbəbi

Bu gün, 15:45

Dünən Misli Premyer Liqasında XXI turdan təxirə salınmış matç keçirildi. “Neftçi” son dəqiqə qolu ilə “Qarabağ”ı məğlub etdi. Bu isə “Sabah”ın tarixdəki ilk çempionluğunu rəsmiləşdirdi. 

Bununla da, “Qarabağ” 2012-13 mövsümündən sonra ilk dəfə titulsuz qaldı.

Çempionatın sonuna hələ 4 tur qalsa da, “bayquşlar” ən yaxın izləyicisi olan “köhlən atlar”ı 13 xal qabaqlayır. İki həftə sonra Masazır təmsilçisi ölkə kubokunun finalında “qızıl dubl” üçün “Zirə” ilə qarşılaşacaq. 

Əslində, mövsüm “Qarabağ” üçün mükəmməl başladı. Komanda Azərbaycan futbol tarixinin ən böyük uğuruna məhz 2025/26 sezonunda imza atdı. Ağdam təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsini “ilk 24-lük”də bitirdi, pley-off mərhələsinə vəsiqə qazandı. Qış fasiləsinə qədər Premyer Liqada da çempionluğa əsas favorit “Qarabağ” göstərilirdi.

Bəs niyə alınmadı?

Çempionlar Liqasının yorğunluğu

“Qarabağ” Çempionlar Liqasında çox ciddi uğura imza atdı. Komanda yarışa II təsnifat mərhələsindən başlayaraq İrlandiya, Şimali Makedoniya və Macarıstan çempionlarını mübarizədən kənarlaşdırdı. Liqa mərhələsində “Benfika”, “Kopenhagen”, “Ayntraxt”ı məğlub edib, “Çelsi” ilə heç-heçəyə nail oldu. Avropanın ən nüfuzlu klub turnirini 22-ci pillədə başa vuran “Qarabağ” pley-off mərhələsinə yüksəldi. 

Bütün bunların fonunda komandada yaranan yorğunluq özünü ciddi şəkildə büruzə verməyə başladı. Eyni anda Çempionlar Liqası, Premyer Liqa və ölkə kubokunda mübarizə aparmaq “Qarabağ”ın enerjisini tükətdi. 

Futbolçuların köklənə bilməməsi

Bununla paraleldə Ağdam təmsilçisinin parlayan futbolçuları diqqət mərkəzinə düşdü. Şərqi və Mərkəzi Avropadan çoxsaylı təkliflər gəldi. Hətta bəziləri “Qarabağ”a müraciət etmədən birbaşa futbolçularla ünsiyyət qurmağa, danışıqlar aparmağa çalışdı. Bu barədə Qurban Qurbanov da dəfələrlə danışdı.

Həmin menecerlərin futbolçuları ritmdən saldığını, fikirlərini qarışdırdığını söylədi. Mövsümün sonuna doğru bunların doğru olduğu da üzə çıxdı. Bəzi oyunlarda Çempionlar Liqasında çıxış edən futbolçuları görə bilmirdik. 

Transfer uğursuzluğu

Nə qədər qəribə səslənsə də, “Qarabağ”ın hazırkı heyəti uğur qazanmaq üçün yetərli deyil. Hətta deyərdim ki, son 4-5 mövsümün ən kasad heyətidir. Təbii ki, komanda texnikalı, təcrübəli, istedadlı futbolçulardan qurulub. Lakin əvvəlki sezonlara nisbətdə onların sayı daha azdır. 

Əvvəllər “Qarabağ”ın ikinci heyətinin Premyer Liqada çempionluğa oynamasının şahidi olurduq. Bu mövsüm isə komandanın demək olar ki, ikinci heyəti yox idi. Ağdam təmsilçisi hər oyunda aşağı-yuxarı eyni 16-17 futbolçu ilə çıxış edirdi.

Mövsümün əvvəlində edilən transferlərdən Sami Mmaenin gözləntiləri doğrultmaması, çox üstün texnikası olan Xoni Montyelin zədəyə meylli olması, Ramil Şeydayevin meydana çıxmağa hələ də hazır olmaması işləri korladı. Dani Bolt hələ də “sirli qutu” olmağa davam edir. Yayda edilən transferlərdən yalnız Kamilo Duran və Pedro Bikalyo uğurlu alındı. 

Bunun fonunda klub qış transfer pəncərəsində də heyətinə “əl gəzdirmədi”. Fevral ayında komandaya yalnız Ceremi Qnali qoşuldu. O da performasını ciddi şəkildə ortaya qoya bilmədi.

Ciddiyyət

Son 12 mövsümdə 11 dəfə Azərbaycan çempionu olan “Qarabağ” son ana qədər çempionluğa fokuslanmışdı. Hətta o qədər fokuslanmışdı ki, futbolçular əksinin olacağını düşünmürdü. Qış fasiləsindən bir həftə öncə “Sabah” liderliyi ələ keçirəndə də hər kəs “onsuz da sonda çempion biz olacağıq” düşüncəsində qalmışdı.

Komanda çıxdığı oyunların əksəriyyətində rəqiblərini ciddiyə ala bilmədi. Mövsümün əvvəlində “Sumqayıt”dan, ardınca “Kəpəz”dən alınan 2 məğlubiyyət, “Şamaxı” ilə ümidləri puç edən heç-heçə də buna nümunədir. 

Yəqin ki, “Sabah”la arada 6 xallıq fərq olarkən “Qarabağ” futbolçuları bütün matçlarda qələbə qazanaraq çempion olacaqlarını düşünürdülər. Lakin rəqibləri ciddiyə ala bilməmək komandanı titulsuz qoydu.

Taktika

“Qarabağ”ın uzun müddətdir ki, eyni taktika ilə çıxış etdiyi artıq bütün Avropaya bəllidir. Komanda Qurban Qurbanovun qurduğu sistemlə uzun illər liqada hegemonluq, avrokuboklarda isə xalqımıza sevinc bəxş etdi.

Lakin futbol tarixi göstərib ki, hər taktika bir gün “çözülür”. “Qarabağ”ın oyun sxeması isə artıq 4-5 ildir ki, hər kəsə bəlli idi. Lakin liqada bundan faydalanacaq, əks-taktika qura biləcək rəqib yox idi.

Ağdamlılar bu taktika ilə Avropada daha bir neçə il rahat çıxış edə bilər. Lakin Azərbaycan çempionatında işlər fərqlidir. Burada mövsüm ərzində bir komanda ilə 3-5 dəfə qarşılaşırsan, rəqiblər səni çox yaxşı tanıyır, daha rahat analiz edir, boşluqlarını, psixoloji durumunu əla bilir. 

“Qarabağ” isə pressinq və topla oyun tərzindən əl çəkmədi. Alınan məğlubiyyətlər də komandanı bu fikirdən daşındırmadı. 

Təxirə salınan oyun

Bəlkə də bir çoxlarına inandırıcı görünməyəcək. Amma “Qarabağ” çempionluğu “Neftçi” ilə oyunu təxirə salanda itirdi. Həmin matç vaxtında oynanılsa və qələbə qazanılsa, xal fərqi bu qədər böyük görünməyəcək, psixoloji təzyiq azalacaqdı.

“Qarabağ” uzun illər Azərbaycan klubları üçün arzuolunmaz rəqib, qarşılaşmaqdan çəkinilən komanda idi. Lakin onun əzəli rəqibi ilə oyunu təxirə salmaqda israr etməsi sanki bütün komandalarda özünəinam yaratdı.

Nəticədə “Neftçi” ötən turun matçında ağdamlılar qarşısında aciz qalsa da, təxirə salınan həmin görüşdə qələbə qazandı. Çünki “ağ-qaralar” bu oyunu öz haqqı kimi görürdü, meydana fərqli motivasiya ilə çıxmışdı.

Legioner limitinin ləğvi

Nəhayət, şəxsi düşüncəmə görə, “Qarabağ”ın çempion olmamasının əsas səbəbi legioner limitinin ləğvidir. Buna qədər ölkənin ən güclü yerli futbolçuları Ağdam təmsilçisinin heyətində çıxış edirdi. Onların yanına səviyyəli legionerləri də əlavə edəndə qarşısıalınmaz komanda ərsəyə gəlirdi.

Azərbaycan bazarında rəqabətədavamlı, səviyyəli yerli futbolçu sayının az olduğu sirr deyil. Digər klubların Elvin Cəfərquliyev, Toral Bayramov, Bədavi Hüseynov, Musa Qurbanlı səviyyəsində yerlilərinin olmaması, məcburiyyətdən meydana buraxılan yerlilərin istəniləni verməməsi “Qarabağ”ın yolunu açırdı.

Limitin ləğvi ilə hər kəs kənardan səviyyəli legionerlər gətirməyə çalışdı. Bunlardan bəziləri də uğurlu oldu. Nəticədə “Qarabağ” çempionluq estafetini “Sabah”a ötürdü.

Ümid edək ki, Azərbaycan futbolunun Avropadakı uğurları davam edəcək. “Bayquş” xarabalıqda ulamaz, öz rəqiblərini ulamağa məcbur edər. Uğurlar, “Qarabağ”, uğurlar, “Sabah”!

Geri qayıt