Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Sabah" – "Qarabağ" oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– "Sabah"ı təbrik edirəm. Futbolçularıma təşəkkürümü bildirirəm. Emosional oyun alındı. Sona qədər mübarizə getdi. Azarkeşlərin oyundan zövq aldığına inanıram.
– Penalti epizoduna fikrinizi bilmək istəyirdim. Penalti necə olur?
– Fikir bildirməyim fərqli alınar. Topun ələ dəydiyini görmək olurdu. Amma Rəhim Həsənov yəqin açıqlamasını verəcək. Son saniyədə belə epizodun olması daha gərginlik yaradır. Bəzən belə fikirlər deyəndə bildirirlər ki, rəqibin qələbəsinə kölgə salınır, xeyr. "Sabah" finalı haqq etdi. 2:2 olsaydı da, yenə 10 nəfərlə oynayacaqdıq. Əlavə güc lazım idi. Epizodu penalti kimi gördüm. Olan şeylərdir.
– Son oyunlarınızda VAR-a da baxılmır. Sizcə, niyə belədir?
– Baxılsa… nə bilim. Baxsaydılar, yəqin nəsə problem olardı. VAR-a gedirsənsə, 90 faiz fikrini dəyişməlisən. Bilmirəm. Hakimlik məndən uzaq sahədir. Yəqin izahı veriləcək. VAR sistemi fərqli baxır.
– Oyundan sonra baş verənlər illər əvvəl "Neftçi" – "Xəzər Lənkəran" finalını xatırlatdı. Sizcə, bu gün baş verənlərlə irəli gedirik, ya geri?
– Futbolçularla hakimlər arasında gərginlik oldu.
– Paltardəyişmə otağının qarşısında dava-dalaş idi…
– Görmədim. Bəzən belə emosiyalar futbolu daha gözəlləşdirir. Nadir hallarda belə anlar olur. Çempionlar Liqasının finalında da bəzən belə şeylər görürük. Bu emosiyalar futbolu daha gözəlləşdirir.
– "Zirə" – "Neftçi", "Turan Tovuz" – "Zirə" oyununda da oyundan çox kənar məsələlər müzakirə olunur. "Qarabağ"ın baş məşqçisi kimi yox, bir azarkeş kimi ölkə futbolunda baş verənlər sizi narahat edir?
– Hadisələr hakim qərarlarından sonra baş verənlərdir. Hakimlərə o qədər basqı olur ki, bilmir özünü necə idarə etsin. Epizodu düzgün təhlil etməkdə çətinlik yaşayırlar. Bəzən onlara yazığım gəlir. Düşünürlər ki, birdən səhv qərar verərəm, həyəcanları yüksək olur. Məncə, ili sakit formada başa vurmalıyıq. Bugünkü matçda komandamın xarakterini, döyüşkənliyini gördüm. Son matçlarda eniş var idi. İstəyirdim ki, komandamda bu ruhu yenidən görüm. İnamı geri qaytarmaq üçün böyük səbəb oldu. Hakimlər də ili yaxşı başa vursalar, yeni mövsüm daha diqqətli olarlar. Hər biri özümüzündür, azərbaycanlılardır. İstərdim ki, özlərini meydanda daha inamlı hiss etsinlər. Sadəcə çox basqı onları səhvlərə aparır.
– Demək olar, mövsümü titulsuz başa vuracaqsınız. Toparlanmaq çətin olmayacaq?
– Dünya futbolunda da belə hallar gözləniləndir. 2021-ci ildə də titulsuz qalmışdıq. Belə hallar olur. Çempionlar Liqası bizi çox yordu. Belə deyək, "suyumuz çıxdı". Avropadakı böyük komandalara baxanda da eyni situasiyadır. Məsələn, "Liverpul" bir neçə il əvvəl bir nəfəsə çempion oldu, amma bu gün enişdədirlər. Çempionlar Liqası elədir ki, bir addım irəli gedəndə yorğunluq daha artır. Dünya futbolunda belə praktikalar çoxdur. Düzdür, ola bilsin, Premyer Liqaya çox yaxşı köklənə bilmədik. Aleks Ferqyusonun sözü var, komandanın zirvədə qalması 3-4 il olur. Biz şükürlər olsun, daha çox qaldıq. Məsuliyyətimizi başa düşürük. Biz də çox çalışdıq, səviyyəmizi qoruya bildik. Ciddi narahatlığım yoxdur. İşin içindəyəm və çatışmayan şeyləri bilirəm. Ola bilsin, gələn il də çətinliklər olsun. Bunlar normaldır. Bu, o demək deyil ki, bacarmayacağıq. Ruhdan düşmürük. Hər komanda illərlə çalışır, titul qazanmaq, böyük turnirlərdə oynamaq istəyir. İntriqa böyüyür. Qarşıdakı mövsümlər daha maraqlı olacaq. Buna ancaq sevinirəm. Digər komandaların artırması ilə intriqa böyüyür. Ölkə futbolu bir komanda ilə böyüməz. Normal qəbul etməliyik. Futbolda hər cür emosiyalar olur. "Sabah"a qarşı keçirdiyimiz son oyunlar maraqlı alındı, azarkeşlər zövq aldı. Fanatlarımız üzüldü, amma, buna ehtiyac yoxdur. Azarkeşlərimiz yıxılanda da, qalxanda da yanımızda olub. Belə oyunlar həmişə ailəni möhkəmləndirir.
– "Nyukasl"la oyunda 90 dəqiqəni yaxşı keçirən Bədavi Hüseynov həmin matçdan sonra demək olar, oynamadı. Bunun xüsusi səbəbi var?
– Bədavi təcrübəli oyunçumuzdur. Mateus Silvanı istəyirəm ki, daha da bərk stoper edim. O mövqedə təcrübəsinin artmasını istədiyim üçün şans verirəm. Qarşıdakı matçlarda Bədavi də oynaya bilər. İndi oynamamasının səbəbləri özümüzdə qalsın.
– Azərbaycan futbolunda istədiyiniz temp bugünkü idi?
– Bugünkü oyunun tempini yaxşı edən həm də, hakim Rəvan Həmzəzadə idi. Onun idarəçilik etdiyi oyunlarda oyun az dayanır. Hər epizoda fit çalmır. Oyunu sona kimi davam etdirməyi sevən biridir. Tempin artmasında hakimin də rolu var. Həm də rəqibin heyətində çox sürətli oyunçular var. Çempionatda bizi geri salan həm fiziki, həm psixoloji yorğunluğumuz oldu.
– Koxalskinin mövsümün sonunda klubdan ayrılmaq ehtimalı nə qədərdir?
– Qışda daha real təklifi var idi. İndi eşitməmişəm. Hazırda müqaviləsi davam edir. Mövsümün sonuna yaxın yəqin, danışığımız olacaq.
– Qırmızı vərəqə epizodu ilə bağlı nə düşünürsünüz?
– Epizoda baxdım. Yəqin, məni hamı səmimi qəbul edər. Rəvana ilk hissədən sonra yaxınlaşdım, dedim ki, bu "qırmızı" sənin hakimliyinə yaraşmadı. Bu cür oyunda belə qırmızı vərəqə vermək çox sərt qərardır. Top keçdi, Mikels zərbə vurdu, Simiç və Koxalski geridə qalmışdı. Məncə, ağır qərar idi. Çox istəyirəm ki, hakimlər haqda bu qədər neqativ danışılmasın. Belə səhvlər bizi böyüdür. Nəriman Axundzadənin bir epizodu var idi, həmin epizod onu böyütdü. Lakin sonra ona çox təzyiqlər oldu. İndi hakimlik də səhvlərdən böyüməlidir. Bəlkə, gələcəkdə Avropada bir oyunda bu səhvi xatırlayıb, elə qərar verəcək ki, hamı ondan yaxşı danışacaq. İnsanı böyüdən səhvlərdir. Bu hallar olur. Normal qəbul etmək lazımdır. Yekunda hamının fikri ölkə futbolunun faydası üçün olsun.
– Sizcə, həqiqətən, hakimlərimizin potensialı bu qədər səhvləri edəcək qədər aşağıdadır?
– Potensiallı hakimlərimiz var. Üzülürəm ki, onlar belə texniki səhvlər edirlər. Bu il hakimlər üçün sanki kabusdur. İllərdir onların qərarlarını görmüşük. Qaydalar da dəyişir. Yəqin, məni cərimə etməzlər. Sanki hakimlər "başlarını itiriblər".