“Hesab edirəm ki, klubumuz imkanlar daxilində həm futbol, həm də digər idman növlərində maksimum faydalı olmağın öhdəsindən gəlir”.
Bunu “QELEBE.AZ”a müsahibəsində “Qəbələ”nin prezidenti Fariz Nəcəfov İdman Klubunun fəaliyyəti ilə bağlı danışarkən deyib.
F. Nəcəfov 2023-cü ildə “Qəbələ”nin digər idman növləri üzrə bölmələrinin fəaliyyətə başlaması və futbol klubu statusundan idman klubu statusuna keçməsinin 10 ilinin tamam olduğunu xatırladıb: “İdman sahəsində uğur qazanmaq üçün 10 il qısa müddət olsa da, artıq xeyli gözəl nəticələr var. Qəbələdə cüdo, boks, MMA, yunan-Roma və sərbəst güləş bölmələrimizdə 250 ətrafında yeniyetmə idmanla məşğul olur. Futbolu da əlavə etsək, klubun nəzdindəki idmançı sayı 500 nəfəri keçir ki, bu da Qəbələ şəhərində kifayət qədər yüksək saydır”.
44 yaşlı klub rəhbəri idmanın inkişafında kütləviliyin vacibliyini vurğulayıb: “Bunun fərqindəyik. Ancaq kütləvilik sonda nəticə gətirməlidir ki, yeniyetmələr üçün yaxşı stimul olsun. Cüdo üzrə Avropa Kubokunun, Avropa Olimpiya Festivalının mükafatçısı, beynəlxalq turnirlərin, Respublika çempionatlarının qalibləri və mükafatçıları, digər növlər üzrə ölkə səviyyəli yarışlarda fərqlənən idmançılarımız kifayət qədərdir. Onlarla yanaşı, klubumuzu təmsil edən peşəkar idmançılarımız da var. Bu məsələdə kəmiyyətə yox, keyfiyyətə baxırıq. Rafael Ağayev, Nəriman Abbasov, Alim Nəbiyev kimi idmançılarımızın nəticələrini sadalamağa ehtiyac duymuram”.
Fariz Nəcəfovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.