Qelebə.az / “Araz-Naxçıvan” rəsmisi: “Baku Fire” ilə matç çempionluq yolunda həlledici ola bilər”

“Araz-Naxçıvan” rəsmisi: “Baku Fire” ilə matç çempionluq yolunda həlledici ola bilər”

25-04-2025, 15:44

Futzal üzrə Azərbaycan Yüksək Liqasında mayın 1-də “Baku Fire” ilə baş tutacaq görüş “Araz-Naxçıvan” üçün çempionluq yolunda həlledici ola bilər.

Bunu “Report”a açıqlamasında Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov deyib.

O, uzun fasilədən sonra turnir cədvəlində liderliyə yüksələn kollektivin çempionluq şanslarını dəyərləndirib:

“Bildiyiniz kimi, yanvardan yeni baş məşqçinin rəhbərliyi altında yolumuza davam edirik. Nəticələr göz önündədir. Nəhayət, liderliyə yüksəldik. Hər şey öz əlimizdədir. Əsas rəqiblərimizdən olan “Baku Fire” komandası ilə mayın 1-də oyunumuz olacaq. Hazırda turnir cədvəlində bu rəqibdən 2 xal irəlidəyik. Ona görə də matç komandamız üçün həlledici ola bilər. Qələbə qazansaq, “Baku Fire” ilə xal fərqi 5-ə yüksələcək ki, bu da mövsümü çempion bitirmək baxımından böyük addım olacaq. Var gücümüzlə bu görüşə hazırlaşırıq. Ümid edirəm ki, bizim üçün ən uğurlusu nədirsə, o da olacaq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” 15 turdan sonra 37 xalla turnir cədvəlinə liderlik edir. İkinci pillədə yer alan “Baku Fire”nin isə 35 xalı var.

Geri qayıt