Qelebə.az / "Qarabağ"ın futbolçuları ötən mövsüm 6, son üç ayda isə 4 qırmızı vərəqə alıblar - ARAŞDIRMA

"Qarabağ"ın futbolçuları ötən mövsüm 6, son üç ayda isə 4 qırmızı vərəqə alıblar - ARAŞDIRMA

28-10-2024, 13:17

"Qarabağ"ın futbolçuları ötən mövsüm bütün turnirlərdə 6, son üç ayda isə 4 qırmızı vərəqə alıblar.

"Report"un məlumatına görə, son üç ayda vərəqələrdən biri Misli Premyer Liqasına, üçü avrokuboklara təsadüf edib.

Avqustun 2-də "Araz-Naxçıvan"a 4:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının I turunda cinah müdafiəçisi Elvin Cəfərquliyev 78-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin matçında da eyni hal yaşanıb. Bu dəfə digər müdafiəçi Kevin Medina "köhlən atlar"ı azlıqda qoyub. Kolumbiyalı oyunçu Bakıda Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına uduzduqları (0:2) cavab qarşılaşmasının 88-ci dəqiqəsində qarşısında ikinci sarı vərəqəni görüb.

Nəhayət, "Qarabağ"ın evdə Niderland təmsilçisi "Ayaks"a uduzduğu Avropa Liqasının oyununda iki futbolçu cəzalandırılıb. Liqa mərhələsinin III turunun görüşündə Julio Romao 15-ci dəqiqədə birbaşa qırmızı vərəqə alıbsa, Elvin Cəfərquliyev 79-cu dəqiqədə ikinci sarı vərəqədən sonra meydandan kənarlaşdırılıb.

Qeyd edək ki, "Qarabağ"ın üzvləri ötən mövsüm bütün turnirlərdə 6 belə halla üzləşiblər. Bunlardan ikisi Misli Premyer Liqasına, biri Azərbaycan Kubokuna, üçü isə avrokubok matçlarına təsadüf edib.

Geri qayıt