Yenidən Azərbaycana qayıtdığım üçün xoşbəxtəm, bura mənim vətənimdir.
Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Mert Çelik “Səbail” klubuna transfer olunması barədə danışarkən deyib.
Yeni komandası ilə 1 illik müqavilə bağlayan 24 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının startını səbirsizliklə gözlədiyini söyləyib:
“Səbail”dən təklif aldım və qəbul etdim. Yeni komandama qısa zamanda uyğunlaşacağımı düşünürəm. 2024/2025 mövsümündə “Səbail”in uğurları üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Hazırda Ərzurumdayıq. Toplanış tam sürətlə davam edir. Baş məşqçimiz Şahin Diniyevin rəhbərliyi altında gün ərzində iki məşq keçirilir”.
M.Çelik Türkiyədə keçirdikləri ilk yoxlama oyununa da toxunub:
“Ağır məşqlərdən sonra ilk yoxlama oyunumuzu keçirdik. Türkiyənin 1-ci Liqa təmsilçisi “Ərzurumspor”a 2:3 hesabı ilə uduzduq. Çətin oyun oldu. Əsas məqsədimiz təlim-məşq toplanışının sonunadək gücümüzü tam bərpa edib ölkə çempionatına hazır olmaqdır. Çünki bizi qarşıda gərgin və maraqlı oyunlar gözləyir”.
Qeyd edək ki, M.Çelik U-21 yığmamızın heyətində 7 qarşılaşmada 1 qol vurub. 24 yaşlı futbolçu "Səbail"ə Türkiyənin I Liqa təmsilçisi “Bandırmaspor”dan keçib.