Qelebə.az / Azərbaycan millisinin futbolçusu: 28 yaşım var, özümü kiməsə sübut edən vaxtım deyil

Azərbaycan millisinin futbolçusu: 28 yaşım var, özümü kiməsə sübut edən vaxtım deyil

8-07-2024, 15:26

28 yaşım var, özümü kiməsə sübut edən vaxtım deyil.

Bunu "QELEBE.AZ"a açıqlamasında Polşanın LKS klubundan ayrılan Rahil Məmmədov deyib.

Azərbaycan millisinin üzvü legioner həyatını davam etdirmək istədiyini söyləyib:

"Hər bir futbolçunun arzusudur ki, legioner həyatı yaşasın. Polşa çempionatında oynamağa davam etmək istəyirəm. Danışıq apardığım klublar var. Lakin onların adını çəkməyim etik olmaz. İstəyim daim əsas heyətdə yer ala biləcəyim komandada çıxış etməkdir. 28 yaşım var, özümü kiməsə sübut edən vaxtım deyil. İstəyirəm ki, əsas heyət üzvü olum, şərəfini qoruyacağım kluba xeyir verim. Polşa çempionatının hər oyununa minlərlə azarkeş gəlir, matçlar diqqət mərkəzində olur".

R.Məmmədov yığma üzvü olduğu üçün ehtiyatda qalamq istəmədiyini bildirib:

"Azərbaycan millisində rəqabət çoxdur. Əsas heyətdə yer almayan futbolçuya şans verməzlər. Milli komandadakı yerimi itirməmək üçün bu mənim üçün vacibdir. Hər zaman oynamaq istəyirəm. "Qarabağ"ın formasını geyinmişəm, Polşa çempionatında 6 ay çıxış etmişəm. Düşünürəm ki, oyun təcrübəm var, hər zaman meydana çıxa biləcəyim klubun şərəfini qorumaq istəyirəm. İnşallah, yaxın günlərdə hər şeyə aydınlıq gələcək".

Qeyd edək ki, 2024-cü ilin əvvəlində "Qarabağ"dan LKS klubuna keçən Rahil Məmmədovun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Geri qayıt