Bosniyaya Avropa çempionu olmaq üçün gəlmişik.
Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycanın minifutbol millisinin qapıçısı Davud Kərimi deyib.
Təcrübəli qolkiper Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında yer aldıqları F qrupunu 9 xalla bitirdikləri üçün sevincli olduğunu bildirib: "Bura çempion olmaq üçün gəlmişik. Allahın izni ilə bugünkü rəqibimiz Bolqarıstana da qalib gələcəyik. Biz onsuz da rəqibin kimliyindən asılı olmayaraq, sona qədər mübarizə aparırıq. Avropa çempionatında mundialdakından daha güclü rəqiblər yer alıb. Bolqarıstana da qalib gəlsək, yalnız güclü rəqiblərlə qarşılaşacağıq".
Qeyd edək ki, yığmamız dünən Fransa millisinə 3:1 hesabı ilə qalib gələrək F qrupunu lider bitirib. Komanda bu gün 1/8 finalda, saat 19:30-da Bolqarıstanla üz-üzə gələcək.