Qelebə.az / "Neftçi"nin baş məşqçisi: Çempionlar Liqasının qrupundan lider olaraq çıxmaq istəyirik - MÜSAHİBƏ

"Neftçi"nin baş məşqçisi: Çempionlar Liqasının qrupundan lider olaraq çıxmaq istəyirik - MÜSAHİBƏ

21-05-2024, 16:44

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin və "Neftçi"nin baş məşqçisi Siyasət Əsgərov "QELEBE.AZ"a müsahibə verib. Təcrübəli mütəxəssis Bakı klubunun Azərbaycan çempionu olması və qarşıdan gələn Çempionar Liqası ilə bağlı danışıb. O, həmçinin milli komanda barədə məsələlərə toxunub.

- XVIII turda "İnter"i (Xaçmaz) 14:0 hesabı ilə məğlub edərək Azərbaycan çempionu oldunuz. Ümumilikdə cari mövsümdə qeydə alınan bu cür nəticələrin səbəbi nədir?

- Bizim çempionatda "Sumqayıt" və "Baku Juniors" kimi komandalar var. Onlar çox güclü rəqiblər idi. Demək istəyirəm ki, zəif klublar çox deyil. Müəyyən komandalar var ki, təcrübələri azdır. Düşünürəm ki, gələcəkdə daha da təkmilləşəcəklər.

- "Neftçi"yə ikinci dövrədə baş məşqçi təyin olundunuz. Sizin gəlişinizdən sonra komandada hansı dəyişikliklər baş verdi?

- Ümumilikdə komanda ilə bağlı nə planlarımız var idisə, həyata keçdi. Bunun üçün futbolçularıma təşəkkürümü bildirirəm. Məşq proseslərində görürdüm ki, onlar hər dəfə öz üzərlərində daha çox işləyirlər. Çalışdıq ki, əlimizdən gələni edək, "Neftçi"ni çempionluğa daşıyaq. Komandamız birinci dövrədə səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzdu. Çempionluq yarışında ən ciddi rəqibimiz olan "Sumqayıt"a 2 top fərqi ilə qalib gəlməli idik və biz bunu bacardıq. "Baku Juniors"la oyunlar da çətin keçdi. Mövsüm ərzində onları çətinliklə məğlub etdik - 2:1, 1:0. Azərbaycan milli komandasının baş məşqçisi kimi istəyərdim ki, ölkə çempionatında rəqabət daha güclü olsun.

- Qarşıda sizi Çempionlar Liqası kimi nüfuzlu turnir gözləyir. Bununla bağlı nə deyə bilərsiniz?

- Çox düzgün vurğuladınız. İlklər hər zaman çətin olur. İlk dəfə qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil etmək məsuliyyəti daha da artırır. Düşünürəm ki, heyəti gücləndirməli və daha yaxşı hazırlaşmalıyıq. Rəhbəliklə görüşümüz olacaq. Komandanı gücləndirməklə bağlı müzakirələr etməliyik. Çempionlar Liqasının qrupundan lider olaraq çıxmaq istəyirik. İnşallah, püşkatma mərasimində bəxt bizim tərəfimizdə olar.

- Təlim-məşq toplanışı üçün xarici ölkəyə yollanmağı düşünürsünüz?

- Bu məsələ rəhbərlik səviyyəsində həll olunacaq. Klub rəsmiləri ilə görüşməliyik. Hazırlıqla bağlı detalları müzakirə etdikdən sonra təlim-məşq toplanışı barədə nəsə demək olar. Hazırlıq planımız çox geniş olmalıdır. Çünki Çempionlar Liqasının səviyyəsi də başqadır. İstəyirik ki, Azərbaycanı layiqincə təmsil edək.

- Azərbaycan çempionatında yığmaya yeni üzv ola biləcək potensiallı oyunçular görürsünüz?

- Ölkə çempionatında istedadlı futbolçular var. Həmin oyunçular nəzərimizdədir. Artıq bir çox ölkələrdə çempionatlar yekunlaşıb. Milli komandamızın əksər üzvləri Türkiyə liqalarında çıxış edirlər. Onlarla yanaşı, digər oyunçuları da biz elit məşqlərə dəvət etmişik və hazırlıq səviyyələrinə baxırıq. Həmin futbolçular bir həftə yığmanın düşərgəsində olacaqlar.

- Həm milli komandada, həm də "Neftçi"də çalışmaq nə dərəcədə çətindir?

- Milli komanda UEFA-nın ayırdığı "pəncərə" zamanı bir araya gəlir. Qalan vaxtlarımız boş olur. Məşqçi gərək fəal olsun, futboldakı yenilikləri dərhal öyrənsin və icra etməyi bacarsın. "Neftçi"dən əvvəl Türkiyədə çalışmışam. Həm millidə, həm də "Neftçi"də çalışmaq qürurvericidir. İki futbol komandasında işləyərkən insan öz səhvlərini görür. Belədə isə daha tez təkmilləşirsən və təcrübə artır. Bu işi sevərək görürəm.

- Yaxın gələcəkdə Premyer Liqada çıxış edən hər bir futbol klubunun qadın komandasının yaradılacağı deyilir. Buna münasibətiniz necədir? Sizcə, bu, qadın futbolunun inkişafına töhfə verə bilər?

- Bunun həyata keçməsini səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, yaxın günlərdə bu məsələ həllini tapacaq. Bu təcrübəni Türkiyədə yaşamışam. Əvvəllər "Beşiktaş"ın qadın futbol klubu yaradıldı. Daha sonra "Qalatarasay" və digərləri bu ənənəni davam etdirməyə başladılar və qadın futbolu inkişaf mərhələsinə qədəm qoydu. Hazırda "Sumqayıt", "Qəbələ", "Neftçi", "Araz-Naxçıvan" klublarının qadınlardan ibarət komandaları mövcuddur. Gələcəkdə digər klublarımızın da qadın komandalarının yaradılacağına ümid edirəm.

Geri qayıt