Qelebə.az / İngiltərə Premyer Liqası: Mudrık “Çelsi”yə 3 xal qazandırıb

İngiltərə Premyer Liqası: Mudrık “Çelsi”yə 3 xal qazandırıb

12-03-2024, 02:01

İngiltərə Premyer Liqasının 28-ci turunda “Çelsi” “Nyukasl”ı qəbul edib.

“Report” xəbər verir ki, Con Bruksun başçılıq etdiyi hakimlər briqadasının idarə etdiyi oyun “Stemford Bric” stadionunda baş tutub.

Oyuna fəal başlayan “Çelsi” hesabı erkən açıb. 6-cı dəqiqədə Nikolas Cekson fərqlənib. Birinci hissənin sonunda isə qonaqlar hesabı bərabərləşdiriblər. 43-cü dəqiqədə Aleksander İsak Premyer Liqada 12-ci qolunu vurub.

58-ci dəqiqədə “zadəganlar”ın yarımmüdafəçisi Kol Palmer mükəmməl zərbə ilə qapıçı Martin Dubravkanı məyus edib. 76-cı dəqiqədə isə ukraynalı Mixaylo Mudrık “sağsağanlar”ın müdafiəsini yarıb, qapıçını da geridə qoyaraq topu tora qovuşdurub. Matçın 90-cı dəqiqəsində Ceykob Mörfi oyunda intriqanı bərpa etsə də, Eddi Haunun yetirmələrinin bundan artığına gücü çatmayıb. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra argentinalı baş məşqçi Maurisio Poçettionun yetirmələri 11-ci pillədəki yerini bərkidərək “Nyukasl”la xal fərqini birə endiriblər. Komandaların müvafiq olaraq 39 və 40 xalı var. Bundan başqa, “Çelsi”nin ehtiyatında bir oyun var.

Geri qayıt