Qelebə.az / Kamran Əliyev: "Azərbaycan millisinə layiq olduğumu sübut etməliyəm" - MÜSAHİBƏ

Kamran Əliyev: "Azərbaycan millisinə layiq olduğumu sübut etməliyəm" - MÜSAHİBƏ

12-01-2024, 12:24

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" klubunun futbolçusu Kamran Əliyev "Report"un suallarını cavablandırıb.

25 yaşlı yarımmüdafiəçi toplanış, Premyer Liqadakı hədəfləri və özünün "gənclik şəhəri" təmsilçisindəki çıxışı barədə danışıb.

- Yanvarın 6-da Türkiyəyə yollanmısınız, hazırlıq prosesi barədə nə deyə bilərsiniz?

- Təlim-məşq toplanışı, ümumiyyətlə, məşq prosesi həmişəki kimi yaxşı davam edir. Komandamızda hər şey qaydasındadır.

- Qış istirahətiniz necə keçib?

- Tətil vaxtı Rusiyanın paytaxtı Moskvaya getmişdim. Burada ailəm və dostlarımla yaxşı vaxt keçirdim.

- Çempionatın ilk yarısındakı çıxışınızdan razısınızmı? Cari mövsümdəki hədəfləriniz nədir?

- Hazırda bunun bizim üçün istədiyimiz nəticə olduğunu deyə bilərik. 27 xalla 4-cü pillədə qərarlaşmışıq. Bu mövsüm yaxşı çıxış edirik. Nəinki eyni ruhda davam etmək, hətta daha yaxşısını etmək niyyətindəyik.

- Artıq bir ilə yaxındır ki, "gənclik şəhəri" təmsilçisindəsiniz. Öz oyununuzu necə qiymətləndirirsiniz?

- Özümdən 100 faiz razı olduğumu deyə bilmərəm. Qarşıdakı matçlarda komandama daha çox faydalı olmaq istəyirəm və bunun üçün də əlimdən gələni edəcəyəm.

- Bu müddətdə təcrübənizə əsasən Azərbaycan Premyer Liqasının səviyyəsini necə görürsünüz?

- Bu mövsüm çempionatın necə keçdiyini hamı və siz də görə bilirsiniz. Bütün komandalar digərlərindən xal ala bilir. Rəqabət artıb. Bu isə Premyer Liqanın yaxşı və maraqlı olduğunu deməyə əsas verir.

- Daha əvvəl adınız Azərbaycan millisi ilə yanaşı hallanırdı. 2024-cü ildə yığmada debüt edə bilərsiniz?

- Bunun üçün çox çalışacağam. Həm də mütləq özümü göstərməliyəm. Hər kəsə sübut etməliyəm ki, yığmada oynamağa layiqəm. Bunu bacaracağıma da inanıram.

Geri qayıt