Qelebə.az / "Qarabağ"ın sabiq futbolçusu: "İstədikləri oyunu göstərsələr, Norveçdə qələbə qazana bilərlər"

"Qarabağ"ın sabiq futbolçusu: "İstədikləri oyunu göstərsələr, Norveçdə qələbə qazana bilərlər"

30-11-2023, 13:37

"İstədikləri oyunu nümayiş etdirə bilsələr, Norveçdə qələbə qazana bilərlər".

Bunu "QELEBE.AZ"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov "köhlən atlar"ın bu gün Norveçdə "Molde"yə qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunu ilə bağlı danışarkən deyib.

35 yaşlı sabiq yarımmüdafiəçi ölkə çempionunun Vətənə istədiyi nəticə ilə qayıda biləcəyini vurğulayıb: "Komanda bunun üçün öz oyununu göstərməlidir. "Qarabağ"ı çox ağır qarşılaşma gözləyir. Hər iki kollektivin 6 xalı var və növbəti mərhələyə iddialıdırlar. Çox gərgin matç olacaq".

Hazırda "Araz-Naxçıvan"da məşqçi kimi fəaliyyət göstərən Ə.İsmayılov başqa mühüt və stadionun futbolçulara çətinlik yarada biləcəyini söyləyib: "Amma artıq komanda bu cür çətinlikləri kifayət qədər görüb. Hər il bundan da iddialı rəqiblərlə üz-üzə gəliblər və öz dəst-xətləri var. Heç-heçə haqqında fikirləşmələrini istəmirəm. Belə düşüncədə olsalar, çətin olacaq. Heç-heçəyə oynasalar, dözə bilməyəcəklər. İstədikləri futbolu sərgiləsələr, qələbə qazana bilərlər. Çünki "Qarabağ" əks-hücumlara yaxşı çıxır və matçın taleyini həll edə biləcək futbolçuları var. Fərqlənmək üçün şanslar mütləq olacaq, bunlardan istifadə etməliyik".

Qeyd edək ki, bu gün reallaşacaq "Molde" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Geri qayıt