“Liverpul”un baş məşqçisi Yurgen Klopp şənbə günü keçiriləcək “Mançester Siti”yə qarşı oyunun həyəcanverici olduğunu, lakin matçın “qırmızılar”ın çempionluq şanslarını müəyyən etməyəcəyini deyib.
“Report” ə istinadə xəbər verir ki, bu barədə almaniyalı menecer cümə günü jurnalistlərə danışıb.
“Bu “Siti”yə nə qədər yaxınlaşdığımızın sınağı deyil, bu, sadəcə elə həyəcanverici oyundur ki, onu planetin istənilən nöqtəsindən izlərdim”, – Klopp söyləyib.
Baş məşqçi “şans qazanmaq üçü əllərindən gələni etməli” olduqlarını vurğulayıb.
Eyni zamanda, komandasında tədricən formalaşan Salah – Nunyes tandemindən də bəhs edib:
“Futboldan başınız çıxmırsa, “Liverpul”un oyunçusu ola bilməzsiniz. Darvin və Mo bir-birini görür, lakin digər uşaqları da görməzdən gəlmirlər. Bu sadəcə oynamanın fərqli tərzidir”.
Xatırladaq ki, noyabrın 25-də İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində çempionatın lideri “Mançester Siti” ondan cəmi bir xal geri qalan “Liverpul”u qəbul edəcək. Matç həmçinin Premyer Liqanın cari bombardirləri norveçli Erlinq Holann (13 qol) və misirli Məhəmməd Salahın (10) qarşıdurması ilə əlamətdardır.