Qelebə.az / Tahir Süleymanov: “İngilis referi penalti təyin etməyib VAR-a qarşı çıxsaydı, özünü "yandıracaqdı”

Tahir Süleymanov: “İngilis referi penalti təyin etməyib VAR-a qarşı çıxsaydı, özünü "yandıracaqdı”

10-11-2023, 17:12

“İngilis referi penalti təyin etməyib VAR-a qarşı çıxsaydı, özünü "yandıracaqdı”.

Bunu “QELEBE.AZ”a açıqlamasında beynəlxalq dərəcəli hakim Tahir Süleymanov UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun “Qarabağ” – “Bayer 04” oyunu haqqında danışarkən deyib.

O, müəyyən qüsurlara baxmayaraq, İngiltərədən olan hakimlər briqadasının ümumilikdə qarşılaşmanın öhdəsindən gəldiyini söyləyib: "Son dəqiqələrdə təyin edilən penalti qərarından öncə oyunun gedişinə, hakim idarəçiliyinə bir daha nəzər yetirilməlidir. İlk matçın böyükhesablı nəticəsinə baxmayaraq, görüşün İngiltərədən olan hakimlər briqadasına həvalə edilməsi UEFA-nın cavab oyununa ciddi yanaşdığının göstəricisidir. Baş hakim 90 dəqiqə ərzində oyunda obyektivliyi, balansı qorumağa çalışır, futbolçularla dialoq qurmağı bacarır, ingilissayağı idarəçilik üslubuna uyğun bəzi xırda, ikili mübarizələr zamanı davam işarəsi verir, qaydalardan kənar sərt müdaxilələrin, mübahisələrin qarşısını qətiyyətlə alırdı. Qarşılaşmadan sonra psixoloji etiraz referinin üzərinə yönəlsə də, hakimlik adına əsas faktor VAR otağında almanlara hərtərəfli yaxın olan avstriyalının əyləşməsi idi. Görüşün əvvəlində heç kimin, hətta leverkuzenlilərin gözləmədiyi halda VAR-ın "Qarabağ"ın qapısına "penalti" axtarışı cəhdi, oyunda yersiz fasilənin yaradılması niyyət göstəricisi idi. Baş məşqçi Qurban Qurbanov da oyunsonrası açıqlamasında penalti epizodundan daha çox görüşdə belə məqamların olmasını vurğuladı”.

T.Süleymanov penalti epizodunu "Qarabağ" və Maksim Medvedev adına şanssız an kimi qiymətləndirib: “Həmin epizoda bu qədər emosional reaksiyanın verilməsi psixoloji məqamla bağlıdır. "Qarabağ" güclü rəqib qarşısında matçı yüksək səviyyədə keçirmişdi, qalib gəlmək şansı da var idi və sonda ən azı 1 xalı haqq edirdi. İlk yarıda "penalti" axtaran VAR otağının Maksimin epizoduna reaksiya göstərməməsi mümkün deyildi. Referi oyuna nəzarət edirdi və davam olaraq künc zərbəsi qərarını vermişdi. İngilis ədalət təmsilçisi VAR-ın "get, özün də bax" məsləhətinə uyğun monitor qarşısına keçməyə məcbur oldu. Açıq əlin olması bir tərəfə, əsas məqam Maksimin taktiki yer seçimi, mübarizəyə gecikməsi, topu, rəqibi nəzarətdən itirməsi oldu. Bilərəkdən olmasa da, müdafiəçi hava mübarizəsindən enmə anında topun qarşısını əllə kəsdi. Sanki düşünərək bunu etmiş kimi göründü. İngilis hakimin ekran qarşısında VAR-la həmrəy olmamaq şansı yox idi. Penalti göstərilməyə bilərdi? Bu, bir halda ola bilərdi ki, VAR ilk yarıda olduğu kimi baş hakimə "davam" işarəsi verərək qərarını təsdiq edərdi, hakimlər arasında sinxron anlaşma özünü təsdiqləyərdi və heç kim də ciddi narazılıq bildirməzdi”.

FIFA referisi belə məsələlərdə fikir ayrılığının UEFA tərəfindən müsbət qarşılanmadığını vurğulayıb: “Hakimin penalti qərarını vermə anında psixoloji durumu, istəmədən "nöqtəni" göstərməsi açıq sezilirdi. Onun epizoda yenidən baxdıqdan sonra fərqli qərar vermək şansı sıfıra enmişdi. Referi - VAR otağı əlaqələrində fikirlərin haçalanması UEFA tərəfindən müsbət qəbul edilmir. Həqiqətən "Qarabağ" adına şanssız sonluq yaşandı. İstənilən halda, qrupu adlamaq iddiası aktuallığını qoruyub saxlayır. Bu oyunu tez unutmaq, növbəti görüşlərə hazırlaşmaq lazımdır”.

Qeyd edək ki, ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Bayer 04” oyunu Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsiylə bitib. Görüşdə yeganə qolu 90+4-cü dəqiqədə penaltidən Viktor Bonifeys vurub.

Geri qayıt