“Avropa çempionatında 3 qızıl, 1 gümüş medal böyük uğurdur”.
Bunu “Report”a açıqlamasında Azərbaycanın kudo üzrə milli komandasının baş məşqçisi Nazim Mövsümzadə Litvanın Kaunas şəhərində keçirilən Avropa çempionatındakı çıxışla bağlı danışarkən deyib.
O, qitə birinciliyinə qısa müddətdə hazırlaşmalarına baxmayaraq, müsbət nəticələr qazandıqlarını bildirib: “Maydan bəri müxtəlif mötəbər turnirlərdə uğurla iştirak etmişik. Son yarışın ardından Avropa çempionatına hazırlaşmaq üçün vaxtımız yox idi. Cəmi 10 gün məşq keçdikdən sonra qitə birinciliyinə yollandıq. Avropa çempionatına 5 idmançı ilə getmişdik. Onlardan Sevinc Mövsümzadə, Kənan İsmayılzadə, Elbrus Səmədov və Vüsal Əliyev turnirdə parlaq çıxışlar edərək, fəxri kürsüyə qalxdılar”.
Baş məşqçi əldə edilən nailiyyətlərdə federasiya rəhbərliyinin, Gənclər və İdman Nazirliyinin böyük rol oynadığını vurğulayıb: “Federasiyamızın fəxri prezidenti Adnan Əhmədzadəyə, prezidenti Rafael Bunyatova, vitse-prezidenti Vəliyulla Bünyatova, eləcə də Azərbaycan Karate Federasiyası İctimai Birliyinin prezidenti Ülvi Quliyevə, gənclər və idman naziri Fərid Qayıbova minnətdarlığımızı bildiririk. Bizə maddi dəstək olan ASTA-ya da təşəkkür edirəm”.