Qelebə.az / “Sumqayıt” yubiley oyununda tilsimi qıra biləcəkmi? – STATİSTİKA

“Sumqayıt” yubiley oyununda tilsimi qıra biləcəkmi? – STATİSTİKA

20-10-2023, 17:13

Azərbaycan Premyer Liqasının X turunda qarşılaşacaq “Sabah” və “Sumqayıt” ölkə çempionatları tarixində 20-ci dəfə üz-üzə gələcəklər.

“Report”un məlumatına görə, yubiley görüşü ərəfəsində bakılılar üstünlüyə malikdirlər.

2018-ci ildən başlayan rəqabətdə paytaxt təmsilçisi 10 dəfə 3 xalı hesabına yazdırıbsa, “gənclik şəhəri” komandasının 6 uğurlu matçı var. Üç qarşılaşmada isə qalib müəyyənləşməyib. Bu oyunlarda “Sabah” 37, “Sumqayıt” 19 dəfə rəqibi meydanın mərkəzinə dəvət edib.

Komandalar arasında çempionat çərçivəsində təşkil olunan son 4 görüşün hamısında bakılılar böyükhesablı qələbənin sevincini yaşayıblar. Ümumiyyətlə, bölgə klubu son 7 dueldə qələbə görməyib. “Kimyaçılar” 2021-ci ilin avqustundan bəri tilsimi qıra bilməyiblər.

Bu, həm də tərəflərin Bakıda 10-cu matçı olacaq. “Sabah”ın indiyə qədər meydan sahibi olduğu qarşılaşmalarda komandalar hərəyə 3 qalibiyyət əldə ediblər, 3 matçda isə bərabərlik qeydə alınıb.

Qeyd edək ki, oktyabrın 21-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Sumqayıt” oyunu saat 18:00-da başlayacaq.

Geri qayıt