Azərbaycan Premyer Liqasının IX turnda “Kəpəz”i qəbul edəcək “Sumqayıt” rəqibi önündə 5 illik ev tilsimini qırmağa çalışacaq.
“QELEBE.AZ”un məlumatına görə, “gənclik şəhəri” təmsilçisi gəncəliləri doğma meydanında sonuncu dəfə 2018-ci ilin martında məğlub edib.
Doğrudur, ondan sonra “Kəpəz” bir müddət elitadan uzaq düşüb. 2022/2023 mövsümündə yenidən Premyer Liqaya qayıdan Gəncə təmsilçisi Sumqayıtda keçirdiyi iki qarşılaşmanın birində qələbə qazanıb, birində heç-heçə edib. Maraqlıdır ki, 2018-ci ildəki dueldən bəri baş tutan ümumilikdə 5 görüşdə meydan sahibi olan tərəf qalibiyyət görməyib.
Komandalar çempionat çərçivəsində indiyə qədər “Sumqayıt”ın meydanında 12 dəfə üz-üzə gəliblər. Bunun 7-də azarkeşlərini 3 xalla sevindirən ev sahibləri 2 halda meydanı məğlub tərk ediblər. Digər 3 matçda qalib müəyyənləşməyib.
Ümumilikdə 2011-ci ildən başlayan rəqabətdə komandalar 24 dəfə qarşılaşıblar. Yubiley oyunu ərəfəsində üstünlük “kimyaçılar”ın tərəfindədir – 10 qələbə, 8 heç-heçə, 6 məğlubiyyət. “Sumqayıt”ın 31 qoluna “Kəpəz” 24 dəfə qarşılıq verə bilib.
Qeyd edək ki, oktyabrın 8-də keçiriləcək görüş saat 16:30-da başlayacaq.