Qelebə.az / Premyer Liqa: “Sumqayıt” 3 ildir “Zirə”yə qalib gələ bilmir - STATİSTİKA

Premyer Liqa: “Sumqayıt” 3 ildir “Zirə”yə qalib gələ bilmir - STATİSTİKA

14-09-2023, 15:58

“Sumqayıt” Azərbaycan Premyer Liqasında 3 ildir “Zirə”yə qalib gələ bilmir.

“QELEBE.AZ”un məlumatına görə, “gənclik şəhəri” təmsilçisi bakılılara qarşı keçirdiyi son 11 matçda 3 xalın sevincini yaşamayıb.

“Kimyaçılar”ın “qartallar” üzərində sonuncu qalibiyyəti 2020-ci ilin oktyabrına təsadüf edib. Ondan sonra baş tutan 11 duelin 4-də bərabərlik qeydə alınıb, 7-də isə “Zirə” qalib gəlib. Maraqlıdır ki, qəsəbə komandası son 8 matçın 7-də rəqibini məğlub etməyi bacarıb.

Sentyabrın 15-də Premyer Liqanın VI turunun açılış oyunu bu komandaların çempionat çərçivəsində Zirədə 16-cı qarşılaşması olacaq. “Zirə” buna qədər doğma arenasında 9 dəfə meydanı qalib tərk edib. “Sumqayıt” isə 5 səfər görüşündən 1 xalla dönübsə, cəmi bir dəfə rəqibini məğlubiyyətə uğradıb. Onların yeganə səfər qalibiyyəti 2016-cı ilin avqustuna – yəni 7 il əvvələ təsadüf edir.

Sabahkı oyun “Zirə” ilə “Sumqayıt”ın ümumilikdə çempionat tarixində 32-ci dueli olacaq. 8 illik rəqabətdə indiyə qədər “Zirə” 17, “Sumqayıt” 6 qələbə qazanıbsa, 8 görüş heç-heçə yekunlaşıb. Top fərqində də bakılıların böyük üstünlüyü var – 43:22.

Tərəflərin Premyer Liqa çərçivəsində reallaşan son 3 matçının hər birində “Zirə” rəqibindən güclü olub. Yəni “Sumqayıt” bir ildir rəqibindən xal ala bilmir.

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.

Geri qayıt