"UEFA-ya yaxın idarəçilik xətti tutmaq, təlimatlara uyğun, şəffaf sistem qurmaq niyyətindəyik. Müəyyən irəliləyişlər var, amma hələ də inkişaf etməliyik".
"QELEBE.AZ" xəbər verir, bu fikirləri AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək idman jurnalistləri üçün təşkil olunan seminarda deyib.
O, Azərbaycanda klub rəsmilərinin hakimlərə hər hansı təkliflər etmədiyini deyib: "Belə bir şey olmayıb. Hakimlərimizin hamısına tam güvənirəm".
Komitə sədri ölkə xaricində toplanış keçməmələrinin səbəbini açıqlayıb: "Artıq bir çox ölkələrdə toplanış zamanı xaricdən gələn hakimlərə oyun idarə etməyə icazə verilmir. Hakimlərimiz Azərbaycanda qalaraq daha çox oyun idarə etdilər".
Barış Şimşək Azərbaycan Premyer Liqasının cari mövsümündə hakimlərin idarəçiliyindən razı olduğunu söyləyib: "Beşinci tur daha yaxşı ola bilərdi. Səhvlər hakimliyin bir hissəsidir. Sizin çox yaxşı dəyərləndirdiyiniz oyunlarda da səhvlər görürük".
Türkiyəli mütəxəssis hakimlərin sayının az olduğunu qeyd edib: "Yeni kursumuz başlayacaq. Mətbuatdan da dəstək gözləyirik. 55-60 müraciət var. Bir neçə ay ərzində onları dəyərləndirəcəyik. Aşağı yaş qrupları üzrə liqaların oyunlarını da izləyirik. Əsas odur ki, çox hakim olsun. Biz onları izləməyə çatdıracağıq".
O, səhvlərə görə hakimlərin "istirahətə göndərildiyini" söyləyib: "Biz cəza sözünü işlətmirik. Buna dincəlmək deyirik. Hazırda bir neçə hakimimiz istirahətdədir. Liqalarda bütün oyunları televiziyadan izləyirəm, artıq gözlərim xarab olub. Raportlara baxıram. Səhvlərimiz də olur. Amma əlimizdən gələni edirik. İndi hakimləri çox yaxşı tanıyıram. Ədalətli şəkildə həm mükafatlandırma etməli, həm də cəza verməliyik. Balansı qorumalıyıq. Bütün hakimlərimiz bizə lazımdır".
Komitə rəhbəri oyunlar zamanı hakimlərin VAR-a uzun müddət baxmasına toxunub. O, getdikcə bu vaxtın azalacağını deyib: "Texniki şərtlər önəmlidir. Hakimlərin də təsiri var, işıqlandırma sisteminin də. Onlarla səbəb var. Yekunda hamısı hakimdə birləşir. Türkiyədə VAR-a baxmaq üçün ortalama vaxt 124 saniyədir. Beş ildir orada bu sistem tətbiq olunur. Bizdə ötən mövsüm ilk idi və ortalama vaxt 173 saniyə oldu. Bu mövsüm yenə eyni olsa, deməli, səhv edirik. VAR hamının bacardığı iş deyil. İşin ustasını iş başında gördükdə vaxt da azalacaq. İlk ildə bunları gördük. 16 hakim həm meydanda olur, həm də VAR-da".
Barış Şimşək gələcəkdə azərbaycanlı hakimlərin Türkiyədə, türkiyəli hakimlərin isə ölkəmizdə oyun idarə etməsinin mümkün olduğunu bildirib: "Bunun üzərində işləyirik. Burada olmağım, iki qardaş ölkə olmaq önəmli faktorlardır. Sadəcə, daha düzgün vaxtı tapmalıyıq. Təkcə Türkiyə deyil, 8-10 il sonra bütün ölkələrdə belə hallar olacaq, fərqli ölkələrin hakimlərinin müxtəlif liqalarda oyun idarə etdiyini görəcəyik".
Onun sözlərinə görə, gələcəkdə Azərbaycan Premyer Liqasında qadın hakimlər iş başında ola bilərlər: "Qadın hakimlərimiz I Liqada mütəmadi oyun idarə edirlər. Premyer Liqa üçün hələ tezdir. Burada kişi qaçışları olmalıdır. Söz verməyim, amma qadın hakimləri Premyer Liqada görə bilərik. Hazırda qadın hakimimiz çox azdır. Bu sahəni cazibəli etməliyik. Sadəcə, fitnes testini keçmələri lazımdır. Sonrası çox asandır. Avropada qadın hakimlər axtarırlar. 6-7 qadın hakimimiz var. Qadın futbolçular bu işdə yaxşı seçim ola bilər".