“Taekvondo üzrə Avropa çempionatında qızıl medal qazanmağa çox az qalmışdı”.
“QELEBE.AZ” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında taekvondo üzrə Azərbaycan millisinin üzvü, Avropa çempionatının gümüş medalçısı Cavad Ağayev deyib.
“Bildiyiniz kimi Estoniyanın paytaxtı Tallində taekvondo üzrə böyüklər və gənclər arasında Avropa çempionatı keçirildi.
Böyüklər arasında Avropa çempionatında ikinci yerə layiq görüldüm. Düzdür, qızıl medal qazanmağa çox az qalmışdı. Bəzi kiçik səhvlərə görə qızıl medal qazana bilmədim. İnşallah gələn dəfə qızıl medal qazanmağa çalışacağam”, - C.Ağayev qeyd edib.
Qeyd edək ki, Azərbaycan taekvondoçusu Qaşım Maqomedov avqustun 26-da Avropa çempionu tituluna sahib olub. 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı Estoniyanın paytaxtı Tallində olimpiya çəki dərəcələri üzrə keçirilən qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da yığmamızın olimpiya çəki dərəcələri üzrə qitə çempionatında medallarının sayı 3-ə yüksəlib. Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə yarışda qüvvəsini sınayan Maqomedovdan öncə Cavad Ağayev (68 kq) və Həmidreza Badrialiabadi (+80 kq) gümüş medala yiyələniblər.
Estoniyada keçirilən gənclərin Avropa çempionatını isə komandamız 2 medalla başa vurub. Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafat qazanıblar.
Beləliklə, 3 gün davam edən iki Avropa çempionatını Azərbaycan taekvondoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurublar.