"Yarımfinalda zədələnsəm də, bürünc medal üçün bütün gücümü topladım. Üçüncü yer uğrunda görüşə çıxmaya da bilərdim".
Bunu "Report"un Zaqrebə ezam olunmuş əməkdaşına açıqlamasında Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycanın yeniyetmə cüdoçusu Mirxaliq İskəndərov deyib.
55 kq çəki dərəcəsində çıxış edən idmançı turnirə çempion olmaq üçün yollandığını, lakin istəyinə çatmadığını söyləyib: "İlin başlanğıcında qarşıma bu hədəfi qoymuşdum. Üçüncü yer də pis nəticə deyil. Əziyyətimizin bəhrəsini gördük. Yayda Avropa çempionu olmuşdum, ondan sonra da dayanmamışdım və tam gücümlə məşqlərə davam edirdim. Bu uğurlara görə şəxsi məşqçim Hikmət Əliyevə, yığmanın baş məşqçisi Rüstəm Alimliyə, məşqçi Nicat Şıxəlizadəyə, Emin İskəndərova və federasiyamıza təşəkkür edirəm. Söz verirəm ki, gələn il dünya və Avropa çempionatlarında qızıl medal əldə edəcəyəm. Uşaqlıqdan ən böyük arzum isə olimpiya çempionu olmaqdır".
İskəndərov yarımfinalda Gürcüstan təmsilçisi Merabi Səmədaşviliyə uduzduğu görüşdə xəsarət aldığını söyləyib: "Mən çempion olan yarışlarda o, 5-ci və ya 7-ci yerləri tuturdu. Bu dəfə səhv edərək parterə düşdüm".