"Məncə, Andrey Lunyovun transferi Şahruddin Məhəmmədəliyevin millidəki mövqeyinə təsir etməyəcək".
Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan yığmasnın sabiq qapıçısı Fərhad Vəliyev "Qarabağ"ın yeni transferinin millinin əsas "çərçivə qoruyucusunun" karyerasına mümkün təsirinə münasibət bildirərkən deyib.
Hazırda "Səbail" klubunda məşqçi kimi çalışan 43 yaşlı keçmiş oyunçu Məhəmmədəliyevin forma şansı qazanmaq üçün sona qədər mübarizə aparacağını bildirib: "Ölkə çempionu gürcüstanlı Luka Quqeşaşvilidən sonra digər əcnəbi - rusiyalı Andrey Lunyovla da müqavilə imzaladı. Bunlar hamısı rəqabət üçün atılmış addımlardır. Düşünürəm ki, orada güclü və sağlam rəqabət olacaq, Məhəmmədəliyev də bunu dərk edir".
Vəliyev "köhlən atlar"ın Azərbaycan Premyer Liqası və ölkə kuboku ilə yanaşı, avrokuboklarda da çıxış edəcəyini xatırladıb: "Ola bilər ki, əksər hallarda Şahruddin start heyətində yer alsın. Amma bu, Lunyovun kənarda qalacağı anlamına gəlməməlidir".
Sabiq qolkiper Məhəmmədəliyevin yenə əvvəlki kimi milliyə dəvət alacağını və qapının məhz ona həvalə ediləcəyini düşünür: "Hər bir kluba yeni oyunçu və qapıçılar cəlb oluna bilər. Orada rəqabətin olması hamı üçün müsbət haldır".
Qeyd edək ki, "Qarabağ" Andrey Lunyovla 1+1 illik müqavilə imzalayıb. Şahruddin Məhəmmədəliyev 2020-ci ildən Azərbaycanın əsas yığmasına dəvət alır.
Xatırladaq ki, Fərhad Vəliyev 2007 - 2016-cı illərdə "Qarabağ"ın, 2006 - 2010-cu illərdə isə millinin formasını geyinib.