"Neftçi"nin dünənki əzmkar mübarizəsi, nümayiş etdirdiyi oyun gələcək üçün ümid verdi".
Bunu "QELEBE.AZ"a açıqlamasında AFFA-nın vitse-prezidenti və qurumun İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov "Neftçi"nin Türkiyədə "Beşiktaş"a 1:2 (ilk oyun 1:3) hesabı ilə uduzduğu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
64 yaşlı funksioner paytaxt klubunun güclü rəqiblə üz-üzə gəldiyini söyləyib: "Komandamız ilk matçdan sonra demək olar ki, şanslarını itirmişdi. İnanırıq ki, "Neftçi" də qarşıdakı illərdə bizi və azarkeşləri sevindirəcək".
Sadıqov UEFA Avropa Liqasının III təsnifat mərhələsində iki matçın (2:1, 2:1) nəticəsinə əsasən Finlandiya HİK-ini mübarizədən kənarlaşdıran "Qarabağ" haqqında da danışıb: "Komanda Qurban Qurbanovun rəhbərliyi altında yaxşı oyun göstərərək nəticə qazanmaq istəyir. Bu, bəlkə də hansısa matçlarda onları zəiflədir. Amma bu yoldan dönməyən, Avropa səviyyəli oyun sərgiləyən komandamız var. Çempionumuza növbəti raundda uğurlar arzulayıram və onların Sloveniya təmsilçisi "Olimpiya"nı keçəcəyinə və qrup mərhələsində də uğurlu çıxış edəcəyinə inanıram".
Təcrübəli mütəxəssis Ağdam klubuna çox güvəndiyini də vurğulayıb: "Oyun üslubu və komanda ruhu ilə sübut etdilər ki, ildən-ildən inkişaf etmək niyyətindədirlər. Avrokubokların qrup mərhələlərində ardıcıl 10-cu dəfə mübarizə aparmaq tarixi uğurdur. Ancaq ölkə çempionunun UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmasını arzulayıram. Buna ümidimiz böyükdür".
Vitse-prezident "Qarabağ"ın oyunundan həmişə zövq aldığını söyləyib: "Mən həmişə son anda tabloya fikir verirəm. Bizi qane etməyən nəticə olmayanda təəssüflənir, məyus oluram".
Sadıqov Serbiyada "Partizan"a 0:2 hesabı ilə uduzaraq UEFA Konfrans Liqasında mübarizəni dayandıran "Sabah" ilə bağlı da fikirlərini bölüşüb: "Onların haqqını verməliyik. Dünən məğlub olsalar da, hər birimizi sevindirmişdilər. Komanda öz oyunu ilə göstərdi ki, gələcəkdə ölkəni Avropada ən yüksək səviyyədə təmil edə biləcəklər. Ruhdan düşməsinlər, düzgün yolda olduqlarını hamımız görürük. Bəlkə də avrokubok təcrübəsinin olmaması öz sözünü dedi. Qismət belə imiş. Penaltilər seriyası lotereyadır. Son anda məyus olduq. Ancaq nəticəyə görə üzülürük. Sərgilənən oyun və görülən işlərə görə "Sabah"ın haqqını verməliyik".