"Partizan" yoluna davam etmək istəyirsə, rəqibə çox ciddi yanaşmalıdır".
"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Miloş Velebit Bakıda "Sabah" və Serbiya "Partizan"ı arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu barədə "Sportklub" nəşrinə açıqlamasında deyib.
Serbiyalı mütəxəssis bildirib ki, Azərbaycan təmsilçisi getdikcə daha ciddi komandaya çevrilir: "Murad Musayev əla işlər görür. Komanda sürətli və müasir futbol oynayır. Azərbaycanın vitse-çempionlarıdır. Hazırda yaxşı formadadırlar və son vaxtlar göstərdikləri nəticələr, şübhəsiz ki, özlərinə inamlarını artıracaq".
43 yaşlı çalışdırıcı avrokuboklardakı təcrübəsinə görə "Partizan"ın favorit olduğunu söyləyib: "Lakin qalibi xırda detallar müəyyənləşdirəcək. "Sabah"ın itirəcəyi heç nəyi yoxdur və bunu onların üstünlüyü hesab etmək olar".
Velebit Belqrad təmsilçisinin güclü və zəif tərəflərindən də söz açıb: "Baş məşqçi İqor Dulyay xüsusilə hücum xəttində əla oyunçulara malikdir. Lakin yay "transfer pəncərəsi" zamanı çoxlu futbolçu gəlib-getdi. Yeni transferlərin, xüsusilə də müdafiəçilərin komandaya öyrəşmək üçün çox vaxtı olmadı".
Qeyd edək ki, bu gün "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Belqradda olacaq.