Qelebə.az / Yaponiyada medallar qazanmış Azərbaycan karateçiləri Vətənə qayıdıblar

Yaponiyada medallar qazanmış Azərbaycan karateçiləri Vətənə qayıdıblar

26-07-2023, 11:56

Yaponiyanın Okinava şəhərindəki beynəlxalq yarış və seminarda uğurlu çıxış etmiş Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasının yığma komandası Vətənə dönüb.

“QELEBE.AZ”un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda onları federasiya rəsmiləri, idmançıların yaxınları, azarkeşlər, ictimaiyyət nümayəndələri, jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, iyulun 22-23-də keçirilən beynəlxalq turnirdə Azərbaycan yığması kata və kumitedə, eyni zamanda, veteranlar arasında yarışda çıxış edib. Katada 18-19 yaş kateqoriyasında qızlar arasında ikinci dan qara kəmər sahibi Sevinc Mövsümzadə (50 kq), +40 yaş kateqoriyasında veteranlar arasında altıncı dan qara kəmər sahibi, həmçinin, millinin baş məşqçisi Nazim Mövsümzadə qızıl, 16-17 yaş kateqoriyasında oğlanlar arasında Kənan İsmayılzadə (60 kq) gümüş medal qazanıblar. Hər üç idmançı şəxsi kumitedə də birinci yeri tutub. Azərbaycan yığması turniri ümumilikdə 5 qızıl, 1 gümüş medalla tamamlayıb.

Adıçəkilən idmançılar turnir ərəfəsində Ümumdünya Koşiki Karate-do Federasiyasının (WKKF) rəhbəri, 10-cu dan qara kəmər sahibi professor Massayuki Kukan Xisataka tərəfindən təşkil olunmuş beynəlxalq seminarda da iştirak edərək, müvafiq ustalıq dərəcələrinə layiq görülüb və uyğun sertifikatlarla təltif olunublar.

Geri qayıt