Beş oyunluq qələbə seriyasının acınacaqlı sonu - TƏHLİL

Beş oyunluq qələbə seriyasının acınacaqlı sonu - TƏHLİL

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinə böyükhesablı məğlubiyyətlə start verib.

"QELEBE.AZ"un məlumatına görə, bunadək keçirdiyi son beş matçında qələbələri sıralayan Canni De Byazinin yetirmələri səfərdə Avstriyaya 1:4 hesabı ilə məğlub olaraq, azarkeşləri məyus etdi.

Məhz həmin beş qalibiyyət həm AFFA, həm məşqçilər korpusu, həm futbolçular, həm də futbol ictimaiyyətində bir növ eyforiya yaratmışdı. Çoxları seriyanın davamına əmin idi. Özünəinam yaxşı hissdir, ancaq reallıq gec-tez özünü çılpaqlığı ilə üzə çıxarır.
Heç kim arxaya boylanıb, 2022-ci ildəki beş qələbənin kimlər üzərində və hansı şərtlər altında qazanıldığına baxmaq gərəyini duymadı. Millətlər Liqasında təxminən bərabər səviyyədə olan Belarus, Qazaxıstan və nəsildəyişmə prosesi dövrünə düşən Slovakiyanı məğlub etməyi, yoldaşlıq görüşlərində Moldova və Şimali Makedoniya kimi rəqibləri üstələməyi inkişafın göstəricisi kimi qələmə verməklə reallığın önünə pərdə çəkildi.

Azərbaycan yığmasının nəyə qadir olduğunu görmək üçün daha ciddi rəqibin sınağından keçmək kifayət edəcəkdi. Bu da Avstriya seçməsi oldu. Nəzərə alaq ki, Avstriya meydana yarımcan vəziyyətdə çıxmışdı. David Alaba, Marko Arnautoviç kimi ulduz futbolçular da içlərində olmaqla 5-6 aparıcı oyunçudan məhrum vəziyyətdə idilər. Avstriya hələ Avropanın böyük milliləri ilə müqayisə olunacaq səviyyədə də deyil. Belə bir komandanın ikinci heyətindən alınan məğlubiyyət xəyallar aləmindən qayıtmağımız üçün kifayət etdi.

O ki qaldı sərgilənən oyuna, dünən millinin ifasında cəmi 20 dəqiqəlik cəsur, qorxmaz futbol izlədik. Görünür, ardıcıl qələbələr baş məşqçi Canni De Byazini də eyforiyaya qərq etmişdi ki, komandadan ilk dəqiqələrdən hücum futbolu istəmişdi. Lakin hücuma ehtiyatlı şəkildə çıxmaq daha yaxşı olardı. Yoxsa kor-koranə irəli atılmaqla Moldova, Belarus kimi rəqibləri cəzalandıra bilərsən.

De Byazi buraxılan ilk qollardakı fərdi səhvləri əlində bayraq tutaraq, məsuliyyəi öz üzərindən atmaq istəyə bilər. Amma bu səhvlərin günahkarı da futbolçudan əvvəl məhz italiyalı mütəxəssisdir. O, bir aydır klubunda oynamayan Bəxtiyar Həsənalızadəni hansı xüsusi istedadına görə meydana buraxdığını əsaslandırmalıdır. Axı, əlinin altında kifayət qədər milli təcrübəsi olan və düşərgəyə tam hazır qoşulan Anton Krivotsyuk var.

Höccət Haqverdini məcbur sağ cinah müdafiəçisi etmək isə nə onun özünə, nə klubu "Neftçi"yə, nə də yığmaya fayda verər. Milliləşdirilən iranlı cinahda yer alanda belə, vərdiş aldığı müdafiənin mərkəzinə meyillənir, hücumlara çıxmağa cürət etmir. Müasir futbolda cinah müdafiəçisinin komanda üçün nə dərəcədə vacib rol oynadığını, yeri gələndə hətta vinger funksiyasını da yerinə yetirdiyini bütün Avropa öyrəndi, bircə bizimkilərdən başqa.

Zədədən yeni qayıdan və "Neftçi"də yavaş-yavaş oynamağa başlayan Eddi İsrafilovun hazır olmadığını görmək üçün mütəxəssis olmağa ehtiyac yox idi. Hələ millinin heyəti açıqlanan zaman təhlil yazısında bunların problem mənbəyi olduğunu qeyd etmişdik. Təəssüf ki, nə De Byazi, nə də köməkçiləri bu sadə məqamları nəzərə aldılar.

Ozan Can Kökçü və Renat Dadaşov seçimi də müzakirəyə açıq mövzudur. Niderlandın ikinci liqasında özünü yaxşı tərəfdən göstərmək millidə yerini təmin etmək anlamına gəlməməlidir. Ozan Canın yığma performansı heç vaxt qaneedici olmayıb. Milliləşən türkiyəlinin yığma üçün uyğun oyunçu olmadığını görmək üçün daha neçə matç keçməlidir?

Həmçinin, İsveçrədə yaxşı performans sərgiləyən Renat Dadaşovun da milliyə gələndə əl-qolu bağlanır. Ehtiyatda Musa Qurbanlı kimi əla formada olan və qolları sıralayan hücumçu olmasa, Dadaşov seçimini qəbul etmək olar. Üstəlik, Qurbanlı "Qarabağ"da yanındakı Ramil Şeydayev və gerisindəki Riçard Almeyda ilə çox yaxşı anlaşır.

Avstriya ilə görüşdə həyəcanı üzünə vuran və məğlubiyyətdə əsas səbəbkarlardan biri kimi göstərilən Yusif İmanova görə isə baş məşqçini qınamaq doğru olmaz. Çünki Şahruddin Məhəmmədəliyevin yoxluğunda çərçivədə dayanmağa ən layiqli qolkiper məhz İmanov idi. Beynəlxalq təcrübəsi olmasa da, indiki durumda ən ideal variant idi. Çünki nə Səlahət Ağayev, nə də Emil Balayevin klubundakı çıxışı ürəkaçandır.

Ümumiyyətlə, Avstriya ilə oyunun əvvəli göstərdi ki, bu tip rəqiblərə "döyüşərək" müqavimət göstərmək olar. Bunun üçün isə meydanda həm fiziki, həm də psixoloji cəhətdən ən hazırlıqlı 11 oyunçuya güvənmək əsas şərtdir.

Xoşbəxtlikdən iki gün sonrakı rəqib Belçika yox, yığmamız kimi böyükhesablı məğlubiyyətə uğrayan və əvvəlki günlərindən uzaq olan İsveçdir. Əlbəttə, istənilən halda Solnadakı matçın favoriti meydan sahibləridir. Ancaq döyüşmək lazımdır. Cütün nisbətən zəif sayılan komandası üçün belə oyunlar paltardəyişmə otağından başlayır. Burada da əsas iş baş məşqçiyə düşür. Linzdəki səhvləri təkrarlamamaq, ən hazırlıqlı "11-liy"ə güvənmək və sistemi rəqibə görə qurmaq əsas şərtlərdir.

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununun hakimləri bəlli olub

Şimali Makedoniya - Azərbaycan oyununun hakimləri bəlli olub

Futbol
Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Futbol
Çempionlar Liqasında qrupdan çıxan Belçika çempionu baş məşqçisini istefaya göndərib

Çempionlar Liqasında qrupdan çıxan Belçika çempionu baş məşqçisini istefaya göndərib

Futbol
Rusiyalı mütəxəssis: “Krasnodardan Bakıya olan məsafə daha azdır, nəinki Moskvaya”

Rusiyalı mütəxəssis: “Krasnodardan Bakıya olan məsafə daha azdır, nəinki Moskvaya”

Futbol
Avropa Liqasında həftənin ən yaxşı qolu adına namizədlər açıqlanıb

Avropa Liqasında həftənin ən yaxşı qolu adına namizədlər açıqlanıb

Futbol
Mahir Emreli: "Qurban Qurbanov bizim dəyərimizdir"

Mahir Emreli: "Qurban Qurbanov bizim dəyərimizdir"

Futbol
"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb

"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb

Futbol
Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Futbol
Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Futbol
DÇ-2022: "Fənərbağça"nın hücumçusu millinin tarixinə düşüb

DÇ-2022: "Fənərbağça"nın hücumçusu millinin tarixinə düşüb

Futbol
FİFA Tunis yığmasını DÇ-2022-dən kənarlaşdıra bilər

FİFA Tunis yığmasını DÇ-2022-dən kənarlaşdıra bilər

Futbol
Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq