Azərbaycan millisində yeni baş məşqçi - RƏSMİ
Türkiyəli mütəxəssis Bedri Meriç Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin edilib.
QELEBE.AZ xəbər verir ki, Meriç U-14 və daha aşağı yaş qrupları üzrə oğlan milli komandalarının koordinatoru və baş məşqçisi olacaq.
Türkiyəli mütəxəssis son üç mövsümdə Azərbaycan Basketbol Liqasında baş məşqçi kimi çalışıb. O, 2023/24 mövsümündə “Gəncə”yə, növbəti iki mövsümdə isə “Şəki” basketbol klubuna rəhbərlik edib.
Bedri Meriçin rəhbərliyi altında “Şəki” 2024/25 mövsümündə Azərbaycan çempionatının bürünc medalını qazanıb. Komanda 2025/26 mövsümündə isə klub tarixində ilk dəfə Azərbaycan Kubokunun yarımfinalına yüksəlib.
Meriç Azərbaycandakı fəaliyyətindən əvvəl Türkiyə Basketbol Liqasında köməkçi məşqçi, Türkiyə Basketbol 2-ci Liqasında isə baş məşqçi kimi fəaliyyət göstərib. O, həmçinin TED Ankara Koleji və Atakule Spor Akademiyasında aşağı yaş qrupları ilə işləyib.
Yeni təyinatı ilə bağlı danışan mütəxəssis əsas məqsədin gənc istedadların üzə çıxarılması və inkişaf etdirilməsi olduğunu bildirib:
“Əsas məqsədimiz aşağı yaş qruplarında istedadlı basketbolçuları müəyyənləşdirmək, onların inkişafına şərait yaratmaq və gələcəkdə daha yuxarı yaş qrupları üzrə milli komandalarımızda çıxış etməyə hazırlamaqdır. Federasiya və digər yaş qrupları üzrə milli komandaların məşqçiləri ilə sıx əməkdaşlıq edərək Azərbaycan basketbolunun gələcəyinə xidmət edən uzunmüddətli inkişaf sistemi qurmaq istəyirik”.

https://qelebe.az//uploads/photo/azerbaycan-millisinde-yeni-bash-meshqchi-resmi.webp