Səfərdə 70-ci, “Sabah” və Mikels “10”a çatdı

Səfərdə 70-ci, “Sabah” və Mikels “10”a çatdı

“Sabah”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “KuPS”a qarşı keçirdiyi cavab oyunu yubileylərlə əlamətdar olub.

QELEBE.AZ xəbər verir ki, Finlandiyada 2:0 hesabı ilə qalib gələn Bakı klubu avrokuboklarda 10-cu qələbəsini qazanıb.

Qitə miqyaslı turnirlərdə 4-cü mövsümünü keçirən komanda yubiley qələbəsini 18-ci matçında əldə edib. “Sabah” ölkə futbolu tarixində ən azı 10 avrokubok matçında qalib gələn 5-ci komanda olub.

Bu, Azərbaycan klublarının avrokuboklarda səfərdə qazandığı 70-ci qələbə kimi tarixə düşüb. Təmsilçilərimiz rəqib meydanındakı 251 sınaqdan bu qədər qələbə qazanıb.

“Sabah”ın ikinci qolunun müəllifi Coy Lens Mikels avrokuboklarda 10-cu dəfə fərqlənib. Almaniyalı futbolçu buna paytaxt təmsilçisi ilə çıxdığı 16-cı belə matçda imza atıb. Mikels Azərbaycan klublarının heyətində 10 və daha çox qola imza atan 7-ci futbolçu olub. O, Emin Mahmudov və Filip Ozobiçlə eyni sayda fərqlənib.

Qeyd edək ki, cari mövsüm keçirdiyi 4 oyunun hamısında qalib gələn “Sabah” ölkəmizin UEFA reytinqinə 1,000 xal qazandırıb və avrokubokların liqa mərhələsinə vəsiqəni təmin edib.