“Beşiktaş”dan Salah açıqlaması: “Məsələ bizim üçün hələlik bağlanıb”

“Beşiktaş”dan Salah açıqlaması: “Məsələ bizim üçün hələlik bağlanıb”

“Beşiktaş”ın futbol direktoru Önder Özen komandanın Məhəmməd Salah transferi ilə bağlı apardığı danışıqlardan danışıb.

Apasport.az xəbər verir ki, Özen misirli ulduzla əlaqə saxladıqlarını və ilkin görüşlərin müsbət keçdiyini bildirib:

“Salahla əlaqə yaratdıq. Bu, eyni zamanda maliyyə modeli də əhatə edirdi. Salah qlobal ulduz və nüfuzlu idmançıdır. Maliyyə məsələlərinə keçilməyən mərhələdə onunla 3 dəfə görüşdük. Hər şey axıcı gedirdi. Lakin maliyyə tərəfi başlayanda, iyulun 21-dən etibarən proses yavaşladı. Həm məlumat axınında, həm də maliyyə məsələlərində çıxılmaz vəziyyət yaradan tələblər gəldi. Salahın bundan xəbərsiz olduğunu düşünürəm. Hazırda prezidentimiz danışıqlar masasından qalxıb. Məhəmməd Salah məsələsi bizim üçün hələlik bağlanıb”.

Futbol direktoru transferin tam olaraq bitib-bitmədiyi ilə bağlı suala da cavab verib:

“Bəli və ya xeyr demək imkanım yoxdur. “Beşiktaş”ın öz şərtləri çərçivəsində etdiyi təklif ortadadır. Bu təklifə cavab gəlsə, dəyərləndirilə bilər. Amma “Beşiktaş”ın başqa təklifi olmayacaq”.

Özen son təkliflərini etdiklərini və bundan sonra əlavə addım atmayacaqlarını vurğulayıb:

“Biz son təklifimizi verdik. Bundan başqa təklifimiz olmayacaq. Bu təklif “Beşiktaş”a zərər verməyəcək şəkildə hazırlanıb. Əgər cavab gəlsə, yenidən dəyərləndirə bilərik”.

Qeyd edək ki, Məhəmməd Salah İngiltərənin “Liverpul” klubunun futbolçusudur.