Rauf Əliyev ehtiyatlıdır: “Əsas sınaq qarşıdadır”
"İlk növbədə komandalarımızı təbrik edirəm. Həqiqətən də yaxşı nəticələr qazanırlar".
Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev deyib.
Veteran hücumçu ölkə klublarının avrokuboklardakı çıxışını dəyərləndirib: “Bütün təmsilçilərimizin növbəti mərhələyə yüksəlməsi və bunu inamlı hesablarla etməsi sevindiricidir. Ümid edirəm ki, hamısı qrup mərhələsinə vəsiqə qazanacaq”.
Rauf Əliyev qrup mərhələsinə yüksəlmək şansları barədə danışmağın hələ tez olduğunu bildirib: “Hazırkı mərhələdə hansı klublarımızın qrupa düşəcəyini faizlə demək çətindir. Çünki qarşıda güclü komandalar var. İndiki rəqiblər münasib görünür. Amma sonrakı mərhələlərdə, xüsusən də pley-offda daha güclü komandalarla qarşılaşacaqlar”.
Veteran futbolçu legioner limitinin ləğvinin yerli oyunçuların inkişafına təsirindən də söz açıb: “Bilirik ki, klublar əsas diqqəti çempionata yönəldirlər. Limit olmadığı üçün heyətlərini də buna uyğun formalaşdırırlar. Bu isə gələcəkdə milli komandamız üçün müəyyən çətinliklər yarada bilər. Bizə yerli və gənc futbolçular lazımdır. Limit olduğu vaxt onlar daha çox şans qazanır, inkişaf edir və milli komandaya yüksəlmək imkanı əldə edirlər”.
O, yerli futbolçuların daha çox çalışmasının vacibliyini vurğulayıb: “Amma yerli futbolçular da öz üzərlərində daha çox işləməlidirlər ki, klublarında əsas heyətdə yer qazansınlar və müntəzəm oyun praktikası əldə etsinlər. Hazırkı heyətlərə baxanda legionerlərin sayının üstünlük təşkil etdiyini görürük”.

https://qelebe.az//uploads/photo/rauf-eliyev-ehtiyatlidir-esas-sinaq-qarshidadir.webp