Azərbaycan avarçəkənləri Potidə 18 medal qazanıb

Azərbaycan avarçəkənləri Potidə 18 medal qazanıb

Gürcüstanın Poti şəhərində akademik avarçəkmə və kanoe üzrə beynəlxalq reqata keçirilib.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan millisi yarışı 18 medalla başa vurub.

Kayak yarışlarında İvan Vorobjanski 200, 500 və 1000 metr məsafələrdə birnəfərlik qayıqda üç qızıl medal qazanıb. Qiyas Əhmədov və Tengiz Qaqnidze iki nəfərlik kayak qayığında 200 və 500 metr məsafələrdə bütün rəqiblərini geridə qoyaraq iki qızıl medala sahib çıxıblar. Qiyas Əhmədov 200 metr məsafədə birnəfərlik yarışda gümüş, Tengiz Qaqnidze isə 500 metr məsafədə gümüş medal əldə edib. Elmir Tərverdiyev və Mustafa Vəlizadə tandemi isə iki nəfərlik kayak qayığında həm 500, həm də 1000 metr məsafələrdə qızıl medal qazanıb.

Kanoe yarışlarında Fəxri Sadıqlı və Vaqif Mustafazadə iki nəfərlik qayıqda 200 və 500 metr məsafələrdə iki gümüş medal əldə ediblər. Fəxri Sadıqlı 200 metr məsafədə birnəfərlik kanoedə gümüş, Vaqif Mustafazadə isə bürünc medala layiq görülüb. O, 1000 metr məsafədə də üçüncü yeri tutub.

Akademik avarçəkmə yarışlarında Sabit Abdullayev (2008–2009) və Məhəmməd Həsənov (2010–2011) birnəfərlik qayıqda 1500 metr məsafədə qızıl medal qazanıblar. İsabala Dadaşzadə və İsmayıl Şirinov tandemi isə iki nəfərlik qayıqda 1500 metr məsafədə birinci olub.

Estafet yarışında Fəxri Sadıqlı, Rüstəm Əsgərov və Vaqif Mustafazadədən ibarət komanda bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi yarışda 10 qızıl, 5 gümüş və 3 bürünc olmaqla ümumilikdə 18 medal qazanaraq turniri ikinci pillədə başa vurub.