Güləşçilərimiz Dünya Seriyasının ilk mərhələsini 4 medalla başa vurub
Vyetnamın Dananq şəhərində çimərlik güləşi mövsümünə start verilib.
Apasport.az xəbər verir ki, həftəsonu keçirilən Dünya Seriyasının ilk mərhələsində baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmizi 4 güləşçi təmsil edib.
Millimiz Vyetnamdan 1 dəst medalla qayıdır.
Əşrəf Aşırovun (90 kq) çimərlik güləşində debütü uğurlu alınıb. Qrup mərhələsində maksimum nəticə göstərən həmyerlimiz yarımfinalda yunanıstanlı Mixail Akritidisə, finalda isə gürcüstanlı İuza Tsertsvadzeyə 3:1 hesabıyla qalib gələrək çempion olub.
Sahib Dadaşov (80 kq) qrup 2-cisi kimi yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda fransalı Huqo Kuenoya şans tanımayıb – 3:0. Finalda gürcüstanlı Luka Çxitunidzeyə minimal fərqlə (1:2) məğlub olan Dadaşov gümüş medalı boynundan asıb.
Rübail İbrahimli (70 kq) də qrup ikincisi kimi adını yarımfinala yazdırıb. Güləşçimiz finalın bir addımlığında rusiyalı Konstantin Topşinoyevə 0:1 hesabıyla məğlub olsa da, fransalı Kuentin Stikeri (2:1) üstələyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Dörd çəkidən üçündə təmsil olunan millimiz 60 xal toplayaraq, komanda hesabında Gürcüstan (71) və Ukraynadan (65) sonra 3-cü yeri tutub.

https://qelebe.az//uploads/photo/guleshchilerimiz-dunya-seriyasinin-ilk-merhelesini-4-medalla-basha-vurub.webp