Qəzənfər Abbasov: "Çempionluq şansımız az görünür"
"Çempionluq şansımız bu vəziyyətdə az görünür".
Bu sözləri QELEBE.AZ saytına açıqlamasında futbol üzrə Azərbaycan II Liqasında çıxış edən “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Qəzənfər Abbasov deyib.
Təcrübəli mütəxəssis ötən gün çempionatın XXIV turu çərçivəsində keçirilən “Xankəndi” ilə 1:1 hesablı heç-heçəni dəyərləndirib:
"Təəssüf ki, dünən çox istəsək və mübarizə aparsaq da, qələbə qazana bilmədik. "Xankəndi" ilə oyun ağır keçdi və biz də bunu gözləyirdik. Hər bir vəziyyətə hazır idik. İlk dəqiqələrdən hücuma atıldıq, erkən qol vurmaq istəyirdik. Lakin futbolçumuz meydanda zədələndi və rəqib bundan istifadə edərək qol vurdu. İkinci hissədə daha çox risk etdik, irəli atıldıq və qol imkanları yaratdıq. Bu fürsətlərdən yalnız birini dəyərləndirə bildik. Qolumuzu bir qədər gec vurduq, bir az da vaxtımız olsaydı, daha bir dəfə də fərqlənə bilərdik. Rəqib templi oynamağa imkan vermirdi, tez-tez yerə yıxılır, həkim çağırırdılar. Bu da oyunun tempini artırmağımıza mane olurdu. Buna baxmayaraq, futbolçularıma təşəkkür edirəm. Dünən çox əzmkar mübarizə apardılar. Rəqibdən bir baş üstün oynadıq. Sadəcə, istədiyimiz qələbəni qazana bilmədik. Hakimliklə bağlı danışmağın artıq mənası yoxdur. Olan olub və dəyişməyəcək".
Qeyd edək ki, 24 turdan sonra turnir cədvəlinə hazırda 67 xalla "Xankəndi" başçılıq edir. Aktivində 64 xalı olan "Qaradağ Lökbatan" klubu isə ikinci pillədə qərarlaşıb.

https://qelebe.az//uploads/photo/qezenfer-abbasov-quotchempionluq-shansimiz-az-gorunurquot.webp