Peter Kinqs: "Fəxr edirəm ki, burada çıxış edirəm"

Peter Kinqs: "Fəxr edirəm ki, burada çıxış edirəm"

Misli Premyer Liqasının 29-cu turunda keçirilən "Sabah" – "Karvan-Yevlax" matçından sonra Aran təmsilçisinin nigeriyalı yarımmüdafiəçisi Peter Kinqs "Apasport"un suallarını cavablandırıb.

- Ardıcıl iki qələbədən sonra məğlub oldunuz. Oyunu necə dəyərləndirərsən?
- Bu gün yaxşı matç alındı. Sadəcə qırmızı vərəqə planlarımızı pozdu. Belə güclü komandaya qarşı 10 nəfərlə oynamaq çətindir. Çalışdıq ki, əlimizdən gələni edək. Lakin alınmadı. 

- Ən azından heç-heçə etmək üçün komandada nə çatmadı?
- Hücumda çox top itkilərinə yol verirdik. Düşünürəm ki, əsas problemimiz ön xətdədir. Bunun da nəticəsi məğlubiyyət oldu.

- Növbəti mövsüm üçün hədəflərin nələrdir?
- I Liqaya düşsək də, komandada qalmağı planlaşdırıram. Ciddi təklifim olsa, gedəcəm. Lakin indiki halda fikrim burada qalmaqdır.

- I Liqadan "Karvan-Yevlax"ın şərəfini qoruyursan. Bu klubun sənin üçün doğma olduğunu söyləmək olar?
- Bəli, komandada uzun müddətdir oynayıram. Bu gün olduğum yerə məni "Karvan-Yevlax" gətirib. Fəxr edirəm ki, burada çıxış edirəm. 

- Elitada qalmaq şanslarınızı necə dəyərləndirirsən?
- Düşünürəm ki, liqada qalacağıq. Şanslarımız çoxdur. Qarşıdakı 4 oyunda xal qazanaraq bunu bacara bilərik. Sadəcə inanmaq lazımdır.

Qeyd edək ki, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.