"Çelsi"nin baş məşqçisi Qurban Qurbanov haqda: "17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir"
"Qarabağ"la qarşılaşma bizim üçün çox önəmlidir".
Apasport.az xəbər verir ki, bunu İngiltərənin"Çelsi" klubunun baş məşqçisi Enzo Mareska Londonda keçirilən mətbuat konfransında deyib:
"Ardıcıl üçüncü qələbəmizi əldə etmək şansımız var. Təbii ki, heyətdə müəyyən rotasiyalar aparmalı olacağıq. Cümə günü Londona qayıdacağıq və şənbə günü növbəti oyunumuz keçiriləcək. Şərtlərə uyğunlaşmağa və maksimum performans göstərməyə çalışacağıq. "Qarabağ" güclü komandadır — onlar "Benfika" və "Kopenhagen" üzərində qələbə qazanıblar. "Atletik"lə görüşdə hesabda önə keçsələr də, sonda məğlub oldular. Uzun illərdir eyni baş məşqçi ilə çalışan bu komanda ev oyunlarında çox sıx və nizamlı futbol sərgiləyir. Bu səbəbdən, qarşıdakı matçın çətin keçəcəyi şübhəsizdir".
Mareska Qurbanovun 17 il ərzində Ağdam klubunu çalışdırmasının inanılmaz olduğunu söyləyib:
"Bu, inanılmazdır. Sözün düzü, həmişə rastlaşmadığım bir şeydir. 17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir".
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunundan öncə London klubunun Bakıda mətbuat konfransı və məşqi keçirilməyəcək. Matç noyabrın 5-i, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

https://qelebe.az//uploads/photo/quotchelsiquotnin-bash-meshqchisi-qurban-qurbanov-haqda-quot17-il-ardicil-eyni-klubu-chalishdirmaq-heyretamiz-bir-sheydirquot.webp