Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni ilin ilk oyunu keçirilib.
"QELEBE.AZ"un məlumatına görə, Voleybol Mərkəzində təşkil edilən matçda “Azərreyl” və “Abşeron" klubları üz-üzə gəliblər.
II tura təsadüf edən ilin ilk matçı “Azərreyl”in üstünlüyü ilə başa çatıb. Eldar Yusubovun baş məşqçi olduğu komanda hər üç seti qələbə ilə başa vurub - 3:0 (25:18, 25:18, 25:21).
Beləliklə, bu oyundan sonra aktivinə 3 xal yazdıran “Azərreyl” 6 xalla turnir cədvəlində 1-ci, “Murov” 3 xalla 2-ci yerdə qərarlaşıb. “Abşeron” və UNEC-in isə xalı yoxdur.
Qeyd edək ki, bu gün keçirilməsi nəzərdə tutulan "Murov" - UNEC qarşılaşması universitet təmsilçisinin əksər oyunçularının səhhətində problem yarandığı üçün təxirə salınıb.

https://qelebe.az//uploads/photo/yuksek-liqa-yeni-ilin-ilk-oyununda-azerreyl-qelebe-qazanib.webp











