Fernandu Santuş: “Öz işimə köklənirəm”

Fernandu Santuş: “Öz işimə köklənirəm”

Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsinin İslandiya və Ukrayna ilə matçlarından öncə baş məşqçi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

QELEBE.AZ xəbər verir ki, mütəxəssis media nümayəndələrinin suallarını cavablandırıb:

- Legioner limitinin ləğvinə ən çox etiraz etməli olan şəxs siz idiz. İndi peşman deyilsiz ki?
- Öncə, "Qarabağ"ı təbrik etmək istəyirəm. Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıblar. Düşünürəm ki, bu, "Qarabağ" üçün çox vacib nəticədir. Başda Qurban Qurbanov olmaqla, "Qarabağ"ın bütün oyunçularını təbrik edirəm. Əlbəttə ki, bu uğur Azərbaycan üçün böyük nailiyyətdir. Avropa bir müddət "Qarabağ" və Azərbaycan haqda danışacaq. Sizin suala gəldikdə, o elə məsələdir ki, mənə aidiyyatı yoxdur. Mən sadəcə olaraq baş məşqçiyəm, öz işimə köklənirəm. Qalan məsələlər barədə Azərbaycan futbolundakı rəhbərlər qərar verir.

- Kapitan Bədavi Hüseynov yoxdur. Rza Cəfərov və Aydın Bayramov isə bu mövsüm oynamayıb. Başqa seçiminiz yox idi?
- Əlbəttə ki, rəqabətdə çıxış etməyən oyunçu məni narahat edə bilər. Baş məşqçi olaraq istəyərəm ki, bütün oyunçuların davamlı oyun praktikası olsun. Amma bu hazırkı reallıqdır. Bu ssenari ilə davam edib, işləməliyik. Çalışacağıq ki, əlimizdə olan materialla yaxşı hazırlaşaq və qarşıdakı matçlarda yaxşı nəticələr əldə edək. İstəyərəm ki, bütün dəvət edilənlər davamlı oynasınlar. Analizlər edirik, oyunları izləyirik. Bədavini çox istəyirəm, ona böyük hörmətim var. Oynamadığı üçün bu toplanışa dəvət almır. Amma bu, o demək deyil ki, üzərindən xətt çəkmişəm. Qarşıdakı matçlarda onu görə bilərik.

- Yaxşı nəticəyə ümid edirsiz. Qarşıdakı iki matçda sizin üçün yaxşı nəticə nədir?
- Futboldur, hər bir nəticə gözlənilə bilər. Amma son yoldaşlıq görüşləri və ondan öncəki  toplanışlardan deyə bilərəm ki, oyunçular çox istəklidirlər. Yaxşı məşqlər edirlər. O da mənə ümid verir ki, istədiyimiz nəticələri əldə edə bilərik. Mən, futbolçular, Azərbaycan xalqı, hamımız qələbə gözləyirik. 

- Legioner limitinin ləğvi ilə bağlı sizinlə məsləhət etdilər? Şəxsi fikriniz necədir?
- Bayaq cavab verdim. 

- Mehdi Cənnətovun milliyə dəvət edilməməsi nə ilə bağlıdır?
- Dəvət ala bilməzdi. Çünki pasportla bağlı problemləri var. Eyni qaydada Vüsal İsgəndərli də pasport problemi yaşayır.